KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. 90 il öncə Bakıda Türkoloji Qurultayın keçirilməsinin sirri – 1

90 il öncə Bakıda Türkoloji Qurultayın keçirilməsinin sirri – 1

Hasan Oktay Hasan Oktay - - 14 dk okuma süresi
376 0

90 il öncə Bakıda Türkoloji Qurultayın keçirilməsinin sirri – 1.Yazı

90 il bundan öncə – Bakıda 1926-cı ilin fevralın 26-dan martın 5-dək davam edən Türksoylu Xalqların Türkoloji Qurultayının qarşısında duran əsas problemlərdən birincisi milli əlifba və milli dil məsələsi olmuşdur. Türkoloji Qurultayın keçirilməsinin əsas təşəbbüsçüləri isə Yeni Türk Əlifbası (YTƏ) Komitəsi və Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti idi. Türkoloji Qurultayda ərəb əlifbasından latın əlifbasına keçirilməsi çağrışına cavablar dinlənmişdir. Qurultaya qatılan 131 nümayəndədən 93-ü türksoylu, yerdə qalanları digər xalqların təmsilçiləri olmuşlar. Maraqlıdır ki, Qurultayda ərəb əlifbasının islahatı və latın əlifbasının qəbul edilməsiylə yanaşı, milli terminologiyanın yaradılması və türksoylu xalqlar üçün ədəbi dil, ana dilinin tədris metodikası, türk dillərinin orfoqrafiyası haqqında məsələlərə də yer verilmişdir. Qurultayda çıxış edənlərin əksəriyyəti latın əlifbasına keçillməsinin tərəfdarı olduğu halda, ancaq nümayəndələr içərisində yeni əlifbanın tətbiq edilməsinin əleyhinə çıxış edənlər də tapılmışdır.

Bizcə, 1920-ci illərdə Türksoylu xalqların milli əlifba və milli dil məsələsinin gündəmə gətirilməsi, ən əsası bu prosesdə Azərbaycanın ön plana çıxarılması təsadüfi olmamışdır. Sovet ideoloqlarına ərəb əlifbasından latın qrafikasına keçirilməsi, milli dil məsələsinin gündəmə gətiril­məsi, ilk baxışda “xeyirxah” niyyət kimi təsir bağışlasa da, əslində Sovet Rusiyasının yeni əlifba siyasəti Azərbaycan və Orta Asiya türklərini İslam-Türk dünyasından ayırmaq üçün əvvəlcədən planlaşdırılmışdı Azərbaycan Cümhuriyyətinin siyasi müs­təqil­liyinə (1920) son qoyan Sovet Rusiyası latın əlifbasını Sovet Azərbaycanında tətbiq etməklə, onun milli mədəniyyətini də zərbə altında qoyurdu. Bu baxımdan sovet ideoloqları üçün bu müstəmləkəçiliyə hədəfələnmiş «yenilik» idi. Başqa sözlə, tələm-tələsik yeni əlifbaya-latın əlifbasına keçmək Azərbaycan türklərini, Türküstan türklərini və başqa türksoylu xalqların keçmişi ilə gələcəyi arasında körpünün tez yandırılmasına, eyni zamanda dünənə qədər onunla eyni əlifbanı paylaşan müsəlman-türk xalqları, xüsusilə Türkiyə türkləriylə mənəvi və siyasi bağların qırılmasına hesablanmışdı. Çünki bu proses Sovetlər Birliyində başlayanda Türkiyə ərəb əlifbasından istifadəyə davam edirdi.

Sovet ədəbiyyatında qeyd olunur ki, yeni əlifbanın birinci mərhələsində (1920-1929) bununla bağlı iki cərəyan: 1) latınçılar və 2) islahatçılar (ərəb əlifbası tərəfdarları) mövcud olmuşdur. Əslində əlifba məsələsi ilə bağlı «latınçılar» və «islahatçılar» məsələsi, məsələnin əsil mahiyyətini gizlətmək üçün uydurul­muş­dur. Burada, əsas məsələ ideoloji savaş idi. Çünki bu məsələnin dərininə vardıqda görürük ki, burada problem yalnız köhnə və yeni əlifba məsələsi olmamışdır. Bu baxımdan məsələni tam dərk etmək üçün, ilk növbədə «latınçılar» və «islahatçılar»ın əlifba məsələsi ilə bağlı irəli sürdüyü mülahizələrə, ən əsası onların hansı siyasi-ideoloji dünyagörüşə və nəzəri-fəlsəfi ideyalara əsaslanma­larına diqqət yetirmək kifayətdir.

Qeyd edək ki, milli-demokrtalar hələ Azərbaycan Cümhuriyyəti dövründə ərəb əlifbasından latın əlibfasına keçməyi təklif edirdilər. Bu məqsədlə Azərbaycan parlamentində bir komissiya təşkil olunmuş və bu komissiya latınlaşmış türk əlifbasının layihəsini parlamentə belə təqdim etmişlər. Ancaq bir tərəfdən «İslam birliyi» ideyası ilə çıxış edən «ittihadçı»ların, digər tərəfdən isə bolşevizmin günü-gündən Azərbaycan Cümhuriyyətinə qarşı yönəlmiş təzyiqlərin nəticəsində latın əlifbasına keçid məsələsi həmin dövrdə öz həllini tapmamışdı. Eyni zamanda, Azərbaycan Cümhuriyyəti latın əlifbasına keçidlə bağlı Türkiyə Cümhuriyyəti ilə ortaq addım atmaq niyyəti də güdmüşdü. Həmin vaxt isə istər Türkiyə, istərsə də Azərbaycan Cümhuriyyəti üzərinə olan “mühafizəkar” basqılar bu məsələnin öz həllini tapmasına əngəl olmuşdu.

Sovet dövründə ərəb əlifbasında dəyişkliklər edilməsinin tərəfdarı kimi çıxış edən «islahatçılar» əslində həmin milli qüvvələr idi. Vaxtilə ərəb əlifbasından imtina edilib latın əlifbasına keçmək istəyən Azərbaycan milli qüvvələrinin Sovet Rusiyası işğalı dövründə bunu, istəməməsi təsadüfi deyildi. Əslində milli-demokratik qüvvələri narahat edən latın qrafikasına keçmək deyil, latın əlifbasına keçmək adı altında ifratçılığa varılması, millətlər arasında ayrı-seçkilik edilməsi, gələcəkdə kiril əlifbasına keçmək üçün bir vasitəyə çevrilməsi idi. Çünki SSRİ xüsusilə, əsarət altına aldığı türk xalqlarını özünəməxsus «beynəlmiləl siyasət»lə assimilyasiya etmək niyyəti güdmüşdü. Bu baxımdan Sovet Rusiyasının Azərbaycanın, Tatarıstanın, Bşaqırdıstanın, Orta Asiyanın türk dövlətlərinin ərəb əlifbasından latın qrafikasına keçməsinə bilavasitə şərait yaratmasında məqsədləri yalnız türk millətlərini maarifləndirmək, elm və biliklərini inkişaf etdirmək ola bilməzdi. Əgər SSRİ, yəni rəsmi Moskva belə səmimi niyyət güdürdüsə, nə üçün yeni əlifba məsələsinə əsasən, türk-müsəlman xalqları cəlb edilmişdi?! Yoxsa, Rusiya üçün ermənilər, gürcülər və başqa millətlər ikinci dərəcəli idilər? Deməli, bu məsələdə Rusiyanın başlıca məqsədi türksoylu xalqları SSRİ-nin əsarətindən kənarda qalan türk-müsəlman ölkələrindən, xüsusilə Türkiyə türklərindən ayırmaq olmuşdur.

SSRİ ideoloqları bu planını birdən-birə həyata keçirə bilməzdi və bu mərhələli şəkildə nəzərdə tutulmuşdu. Həmin dövrdə milli qüvvələr də məhz Sovet Rusiyasının bu ikiüzlü siyasətini ifşa etmişdilər ki, onların bu baxışları da bolşeviklər tərəfindən latın qrafikasının əleyhinə olan mülahizələr kimi dəyərləndirilmişdi. Əslində onların bu etirazı, əlifbanın latınlaş­dırılmasından daha çox kirilləşdirməyə-ruslaşdırmaya qarşı idi. Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadə də sonralar yazırdı ki, o zaman (1921-1922-ci illər) bolşeviklərin bu niyyətindən xəbərdar idilər: «Bolşeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda gizli və əsil fikirlərini bil­diyimizdən (ki, bu fikir sonradan həyata keçirilmiş, ərəb hərfləri öncə latın hərflərinə, sonra da rus hərflərinə təbddül edilmişdir) bir məqalədə türk elləri arasındakı mədəni əlaqələri tamamilə kəsdirməmək üçün yazılanı daha asan oxutdura bilmək məqsədini təmin edən inqilabçılara haqq verirdim». Yəni Rə­sul­zadə də bolşeviklərin əməllərin­dən xəbəri olduğu üçün latın əlifbasına keçil­məsini deyil, ərəb əlifbasında islahatların aparılmasını müdafiə etmişdir. M.B.Mə­m­­mədzadə də milli qüvvələrin əvvəlcə ərəb əlifbasından latına keçilməsinə etiraz etmələrinə səbəb olaraq, bolşeviklərin məkrli niyyətlərini və bunun Az­ər­­baycan ilə türk dünyası arasında əlaqələrə zərbə olmasını göstərmişdi.

Bu baxımdan ərəb əlifbasında islahatların aparılmasını məqsədəuyğun hesab edən «islahatçılar», latın qrafikasına keçilməsi ilə Azərbaycan xalqının Türk-İslam mədəniyyətindən uzaq düşməsi, din və milli birliyin aradan qalxması məsələsini daha çox qabartmışlar. Bizə elə gəlir ki, bu cür mülahizələrin səslənməsi də təsadüfi olmamışdır. Bütün hallarda, yeni əlifbaya keçidlə bağlı imperiyanın maraqları olduğu kimi, bunun əleyhinə çıxan «islahatçılar»ın da öz mövqeyi olmuşdur. «İslahatçılar» ədəbi dilin yazısında ərəb əlifbasını saxlamaqla yalnız islah edilməsini, yəni bəzi dəyişikliklərin aparılmasını məqsədə­uyğun hesab edirdilər. Onlar deyirdilər ki, yeni əlifba qəbul edilərsə, bununla da əski ədəbiyyat məhv olacaq, “İslam birliyi” pozulacaq və türk dilini öyrənmək çətin olacaq. Milli qüvvələrin əlifba məsələsində fikir dəyişdirməsinin əsil mahiyyətinə varmayan bolşeviklər, bunu tamamilə başqa yerə yozurdular. Məsələn, mətin bolşevik Sultan Məcid Əfəndiyev hesab edirdi ki, millətçilər qısqanclıqdan bu məsələyə müsbət yanaşmırlar. Belə ki, əvvəllər ərəb əlifbasından latın əlifbasına keçmək istəyən millətçilər, indi bunu həyata keçirənin bolşeviklər olduğu üçün yeni əlifba məsələsini tənqid edirlər [76, 177]. Əfəndiyevin fikrincə, millətçilərdən fərqli olaraq, islamçılar-ruhanilər isə ərəb əlifbasından daha çox onun təsiri məqsədilə möhkəm yapışırlar.

Fikrimizcə, ərəb əlifbasının əleyhinə çıxış edən «latınçılar» özlərini də bu məsələyə münasibətdə iki qrupa ayırmaq olar: 1) mədəni «latınçılar» – yeni əlifbaya keçməni daha çox mədəni inqilab kimi qiymətləndirənlər və məsələyə səmimi şəkildə yanaşanlar; 2) siyasi «latınçılar» – yeni əlifbaya keçməni tamamilə siyasiləşdirərək, bunu, marksizm-leninzmin qələbəsi kimi qələmə verənlər. Mədəni «latınçılar» (F.Ağazadə, B.Çobanzadə, M.Şahtaxtlı və b.) yeni əlifbaya keçidi yalnız elm və təlim baxımından dəyərləndirir, ərəb əlifbasında islahatlar aparılmasının mümkünsüzlüyünü irəli sürərək latın əlifbasının qəbul edilməsini zəruri hesab edirdilər. Mədəni latınçılardan fərqli olaraq, siyasi «latınçılar» (R.Axundov, S.Ağamalıoğlu, S.M.Əfəndiyev və b.) bu məsələni ideolojiləşdirir və ona siyasi çalar əlavə edirdilər. Bu baxımdan Azərbaycan, Türkmənistan, Özbəkistan və b. türk dövlətlərində ərəb əlifbasından latın qrafikasına keçid məsələsində Moskvanın məkrli niyyətini bəzi yerli bolşeviklər görə bilməmiş, əksinə, bunu bolşevizmin nailiyyəti kimi təbliğ etmişlər.

Ancaq türk-tatar xalqlarının ərəb əlifbasından latın qrafikasına keçməsi məsələsində SSRİ-nin siyasi manevra etdiyi, əsil məqsədinin türk xalqlarına kiril əlifbasının qəbul etdirilməsi olması çox keçmədən bəlli olmuşdu. Belə ki, sovet ideoloqları milli əlifba və milli dil məsələsində də «milli müqəddərat» məsələsində olduğu kimi, türk-müsəlman xalqlarının ərəb əlifbasından birbarşa rus-kiril əlifbasına keçilməsinin təhlükəli olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə reallaşdırmaq niyyəti güdmüşdür. Əgər SSRİ 1920-ci illərdə yeni əlifbanı rus qrafikasına keçidlə həll etsəydi, şübhəsiz «xilaskar» donu geyinmiş rus bolşeviklərinin bu addımı istər işğal etdiyi ölkələrdə, istərsə də dünyada birmənalı qarşılanmaycaqdı. Bu baxımdan ilk mərhələdə, latın əlifbasından istifadə edən bir çox Avropa dövlətlərinin də maraqlarına cavab verən bir addım atılmışdı. Lakin imperiya ideoloqları yaxşı anlayırdılar ki, ərəb əlif90 basından imtina etməklə SSRİ-nin tərkibindəki türk dövlətləri İslam-Türk dünyasından müəyyən dərəcədə uzaqlaşsa da, başqa tərəfdən eyni əlifbanı qəbul edən Türkiyə ilə isə bir o qədər yaxınlaşmış olmuşdur. Bunun gələcəkdə SSRİ üçün böyük bir təhlükə mənbəyi olduğunu görən, eyni zamanda, başdan imperiya əsarəti altında olan türk-tatar və müsəlman xalqlarının istər Türkiyə, istərsə də Avropa dövlətləri ilə əlaqəsində qətiyyən maraqlı olmayan sovet ideoloqları 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərindən etibarən Türk dövlətlərinin və Türk xalqlarının, gələcəkdə rus əlifbasına keçə bilməsi ideyasını yaymağa başlamışlar.
Dos., Dr. Faiq Qəzənfəroğlu (Ələkbərov)

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir