KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ-ın dəstəklədiyi kürdlərin fəallaşması Ankaranı fakt qarşısında qoyur

ABŞ-ın dəstəklədiyi kürdlərin fəallaşması Ankaranı fakt qarşısında qoyur

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
322 0

Yeni Suriya konsepsiyası isə vaxt tələb edir…

ABŞ PKK terror təşkilatına Fərat bölgəsinə hücum etmək üçün yeni silahlı qruplaşma yaratmaq haqda təlimat verib. Bu barədə Türkiyənin “Milliyyət” qəzeti xəbər verib. Qəzet yazır ki, sözügedən silahlı qruplaşma minlərlə yaraqlı ilə əl-Bab, Menbiç, Azez və Cerablusa hücum edərək, buradan Türkiyə Silahlı Qüvvələrini və Azad Suriya Ordusunu çıxaracaq.

Axar.az yazır ki, məlumata görə, təşkilat ABŞ silahları ilə təchiz olunacaq və xüsusən əl-Bab şəhəri uğrunda böyük əməliyyatlara başlayacaq. Təşkilatın birbaşa ABŞ-ın təlimatı ilə hərəkət etdiyi və artıq öz aralarında rəsmən Türkiyəyə müharibə elan etdiyi bildirilib.

Təbii ki, söhbət Suriya kürdlərinin YPG qruplaşmasından gedir. Türkiyə YPG-ni və onun siyasi təşkilatı olan PYD-ni PKK-nin müttəfiq təşkilatı hesab edir. Ancaq amerikalılar Suriyadakı hazırkı siyasi-hərbi vəziyyəti nəzərə alaraq YPG və onun daxil olduğu Suriya Demokratik Qüvvələri adlı çətir təşkilatla əməkdaşlıq edir və onların İŞİD-in Suriya “paytaxtı” Raaqanı ələ keçirməsi üçün başlatdıqları əməliyyatı dəstəkləyir. Ancaq eyni zamanda kürdlər Suriyanın Türkiyə ilə sərhəd zolağını ələ keçirib “kürd koridoru” qurmaq niyyətindədirlər. Bu isə Türkiyə üçün ciddi problemdir. Ankara Türkiyədə ikinci hərbi kampaniya başlatmaq və Afrin bölgəsindəki kürdləri ordan çıxarmağı planlaşdırır. Bu isə Türkiyəni kürdlərlə yenidən qarşı-qarşıya gətirəcək.

Image result for YPG

Maraqlıdır ki, SDQ sözçüsü Talal Silo “Reuters” Agentliyinə verdiyi açıqlamada deyib ki, amerikalılar Suriyada hələ uzun müddət qalacaqlar. Onun sözlərinə görə, amerikalıların “gələcək on illəri əhatə edən planları var”. Bu isə o deməkdir ki, kürdlərlə amerikalıların dərin əməkdaşlığı davam edəcək. Bunu da Silo deyib. ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə hərbi koalisiyanın sözçüsü, polkovnik Rayan Dilon isə uzun müddətlik əməkdaşlıq haqqında danışmaq istəməsə də, “Raqqa İŞİD-dən təmizləndikdən sonra belə, müharibənin hələ uzun müddət davam edəcəyini” deyib.

Kürdlər isə bu vəziyyətdən məmnundur. Çünki amerikalıların Suriyanın şimalındakı kürd bölgələrində uzun müddətli qalmaları kürdlər üçün təhlükəsizlik təminatıdır. Xüsusən də Türkiyə qarşısında. Çünki hazırda faktiki olaraq kürdləri Türkiyə ordusundan qoruyan ABŞ hərbi qüvvələridir. Amerikalılar faktiki olaraq kürdlərlə Türkiyə arasında “sərhəd” çəkərək ikisi arasında toqquşmanın qarşısını alır.

Kürd siyasətçilər isə Amerikanın Suriyanın şimalında yeni, hətta “İncirlik” bazasından daha böyük hərbi bazanın Qamışlıda tikiləcəyi ilə bağlı şayiələr yayırlar. Doğrudur, hələlik amerikalılar bu mövzuda dəqiq nəsə demirlər. Ancaq həm Türkiyə ilə münasibətlərin son illərdə soyuqlaşması, həm də Suriyada yeni vəziyyətin yaranması amerikalıların orada yeni baza yaratması ilə bağlı iddiaları gücləndirir.

Yeri gəlmişkən, bu günlərdə ABŞ prezidentinin İŞİD-lə mübarizədə xüsusi təmsilçisi, polkovnik Bredli Makqurk Ayn İssa qəsəbəsinə gedərək kürd hərbi və siyasi liderləri ilə görüşüb və bu görüşdə YPG-yə hərbi dəstəyi daha da artıracaqlarına söz verib. Eyni zamanda Trampın xüsusi təmsilçisi Raqqanın azad edildikdən sonra yenidən qurulması, həmçinin hazırda döyüş bölgəsindən çıxarılan mülki əhaliyə yardımların artırılması ilə bağlı kürdlərə söz verib.

Image result for YPG ABD

Amerikalılar üçün hazırda kürdlər əvəzsiz müttəfiqdir. Çünki onların vasitəsilə həm İŞİD-ə qarşı mübarizə aparılır, həm də kürd muxtariyyəti yaradılması ilə bölgədə yeni bir güclü təzyiq vasitəsinin əsası qoyulur. Kürd muxtariyyəti yalnız Bəşər Əsəd üçün deyil, həm də Türkiyə üçün gələcəkdə ciddi təzyiq vasitəsi ola bilər. Bu perspektiv isə Türkiyəni narahat edir. Ankara tez bir zamanda Rusiya ilə anlaşıb, Tehranın da dəstəyini alaraq Suriyada kürdləri sərhəddən uzaqlaşdırmaq istəyir. Ancaq bunun üçün rusların ciddi dəstəyi və amerikalıların minimal neytrallığı lazımdır. Ancaq görünür ki, hələlik Vaşinqton buna razılıq vermir, çünki apreldən planlaşdırılan ikinci Suriya əməliyyatı hələ də təxirə salınır. Lakin bu, Suriyada kürd-türk toqquşmasının olmayacağı anlamına gəlmir.

Yeri gəlmişkən, ötən gün “Sputnik” agentliyi Hələbdə SDQ tərkibində yeni “İnqilabçı Qüvvələr Briqadası” təsis olunub. Briqada bəyan edib ki, əsas hədəfləri Türkiyəni Suriyadan çıxarmaqdır. Söhbət ötən ilin avqustun 24-də başlayan “Fırat Kalkanı” əməliyyatı zamanı azad edilən və türklərin nəzarətində olan 2 min kv.km ərazidən gedir. Yeni briqadanın komandiri Hussem Çapo briqadanın təkribində kürdlərlə yanaşı, türkmən, ərəb və ermənilərin də olduğunu, SDQ-nin tərkibində fəaliyyət göstərdiklərini deyib.

Göründüyü kimi, Suriyanın şimalında gərginlik günü gündən artır və ya artırılır. Türkiyənin yenidən Suriyaya daxil olması və böyük bir cəbhədə kürdlərlə savaşması bir tərəfdən beynəlxalq aləmdə ona qarşı qınaqları artıracaq. Çünki bu əməliyyat faktiki olaraq İŞİD-ə qarşı Raqqa əməliyyatına mənfi təsir göstərəcək. Ankaranın kürdlərlə toqquşmaya getməməsinin bir səbəbi də budur. Ancaq prosesin gedişi Türkiyəni daha çox yubanmasına mane olur. Çünki bu gedişat qarşıdurmanı qaçılmaz edir. Lakin rusların qəti dəstəyi olmadığı, amerikalıların ən azı neytrallığını almadan Suriyada növbəti dəfə kampaniya başlatması Ankara üçün ciddi risk daşıyır. Çünki birinci əməliyyat göstərdi ki, Türkiyənin müttəfiqi olan suriyalı silahlı qüvvələr döyüşdə o qədər də etibarlı deyil. Üstəlik daha əvvəl İŞİD-ə qarşı əməliyyatlar zamanı beynəlxalq koalisiya da Türkiyə ordusuna kəşfiyyat və hava dəstəyi verirdi. Ancaq kürdlərə qarşı savaşda ehtimal ki. bu dəstək olmayacaq. Əksinə, Türkiyə ordusu gözlənilməz sabotajlarla qarşılaşa bilər.

Bu səbəbdən də indi daha əvvəl olduğundan riskli bir dönəmdir. Hazırda Ankaranın demək olar ki, Suriyada müttəfiq olduğu ciddi və etibarlı bir güc yoxdur. İdlib vilayətindəki silahlılar arasında toqquşmaların olması, Qətər və Səudiyyə Ərəbistanı arasında yaranan gərginlikdən sonra əvvəlki birliyin tamamilə dağılması müşahidə olunur. Suriyanın şimalında əsas güc ola biləcək türkmənlər isə zamanında hazırlanmadığı üçün pərakəndədir və lazım olan birliyi nümayiş etdirə bilmir. Bu səbəbdən də indi Ankara yeni bir siyasi-diplomatik Suriya siyasəti hazırlamalıdır. Bu isə vaxt tələb edir, vaxt isə sürətlə gedir.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir