KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Balanslı xarici siyasətdən diplomatık konfrantasiyaya

Balanslı xarici siyasətdən diplomatık konfrantasiyaya

Hasan Oktay Hasan Oktay - - 22 dk okuma süresi
755 0

Əliyevin Qərbə göstərməyə çalışdığı “Mən məğlubedilməzəm”in əvəzinə Qərb də ona məglubedilməzliyinin qəbuledilməz olduğunu göstərməyə qərar verib

Əliyevlər rejiminin 1995-ci ildən etibarən çox ciddi xarici siyasi dəstəyə malik olduğunu heç bir ciddi analitik inkar etməyib. Hələ Heydər Əliyev sağ ikən xarici siyasət haqda nitqinin bütün ağırlığını, rejimin bütün təbliğat ruporunu, hətta “zəhmətkeş” məktublarının mətnini “balanslı xarici siyasət” və “sabitlik” cümləsi üzərində qururdu.

Xatırlayanların yaxşı yadındadır ki, mərhum Əliyevin bütün avropalı qonaqlarla keçirdiyi görüşlərin mətbuata açıq hissəsi ilk cümlə siyasi sabitlik olmaqla, əsasən hüquqi, dünyəvi dövlət, demokratiya, mətbuat azadlığı, senzuranın ləğvi, Azərbaycanın Avropaya inteqrasiya arzusu, sahib olduğu bütün enerji resurslarının qərbə nəqli kimi ifadələrlə zəngin olardı. Əliyevin Rusiya və İranla görüşləri isə az qala diplomatik protokoldan uzaq, keçmişdə olan şəxsi dostluq münasibətlərinin xatırlanması fonunda deyib – gülmək şəraitində keçərdi. Rusiyalı qonaqlarla KQB və POLİTBÜRO dövrü xatırlanar, iranlı qonaqla isə 1991-1992-ci il Naxçıvan dövründə formalaşmağa başlayan “şəxsi qardaşlıq” münasibətlərinin səmimiliyindən ağızdolusu danışılardı. Yalnız türkiyəli qonaqlar, Dəmirəl istisna olmaqla, qısa məzəmmət olunar, dərhal da Bakı- Ceyhan layihəsi mövzusu ətrafında yalançı “iki dövlət, bir millət” şüarı səsləndirilərdi. Və ilk baxışdan bəsit görünən bu “diplomatiya” əslində, rejimin təqdimatındakı “balanslı xarici siyasət” idi.

Ciddi analitiklərə yaxşı məlum idi ki, uğurlu görünən bu xarici siyasət hansısa fenomenal diplomatik dühanın analoqu olmayan siyasi kursu yox, geostrateji və enerji maraqları təmin olunan ölkələrin acıq, amma sonsuz olmayan xarici dəstəyinin təzahürü idi.

Bu, “balanslı xarici siyasət” nağılı rejimi o qədər məst etmişdi ki, ikinci Əliyev dövrünə də “uğurlu siyasi kursun” sədaqətlə davam etdirildiyi təbliğatı ilə başlanıldı. Əslində narahatçılıq üçün elə bir əsas da yox idi. Çünki xarici siyasi dəstək, dişsiz protokol hesabatlarını, “dejurni bəyanat”ları nəzərə almasaq, əvvəllər olduğundan daha güclü və açıq idi. 2003-cü il seçkiləri öncəsi ata-oğul “alternativ” namizədliyi, İlham Əliyevin baş nazir təyinatındakı komediyanı və seçkinin qalibi İsa Qəmbərin nəticələrinin İlham Əliyevin xeyrinə saxtalaşdırılmasını, hakimiyyətin atadan oğula ötürülməsi rüsvayçılığını dünyanın az qala ayaq üstə alqışlaması xarici dəstəyin həddini görməyə imkan verir.

Əsasən neft maraqları, əslində isə kompleks geopolitik maraqlar naminə formalaşan “xarici siyasi dəstək” sonsuz ola bilməzdi. (Ukrayna hadisəsi göstərdi ki, geopolitik status-kvo da, beynəlxalq təhlükəsizlik sistemi də bir anda dağıla bilər)

Çünki rejimin Qərbi özünün SABİTLİK nağılına inandıra bildiyini düşünməsinə baxmayaraq, Qərb çox gözəl anlayırdı ki, Uzunmüddətli sabitlik legitimliyin demokratik proses nəticəsində təsdiqləndiyi halda olur. Bu, o qədər aydın düsturdur ki, hətta qəti siyasi dəstəyin verildiyi vaxtlarda belə, Qərb bu həqiqəti Əliyevlər rejiminə pıçıltılı səslə də olsa xatırladırdı. Amma bu xatırlatmaları danışıqların bəsit protokol cümlələri hesab edən rejimin zaman keçdikcə, bu cümlələrdən necə qeyzləndiyinin şahidi olmağa başladıq: Dəstəyin zəifləyib, tələblərin sıralanmağa və eşidilə bilən tonda tələffüz olunduğu vaxtlardan.

2005-ci ilin yazından etibarən biz bu dəstəyin yumşaq tövsiyələrlə başlayıb artan təzyiqlə davam etdiyini açıq şəkildə müşahidə edə bilirik. İlk illər, 2005 -2007- ci illər dövründə ikinci Əliyevə olan təzyiqləri biz şərti olaraq “islahat naminə səmimi qınaqlar”, ya da “inandırma yolu ilə reformalara sövq etmə” kimi xarakterizə edə bilərik. Buna misal kimi həm 2003-cü repressiyası zamanı həbs edilmiş nüfuzlu siyasi məhbusların 2005-ci ilin yazında həbsdən buraxılmasını və sürətli şəkildə üzərilərindəki məhkumluğun qaldırılaraq parlament seçkilərinə qatıla bilmələrinin önünün açılmasını, həm də payızda keçiriləcək seçkilərin “azad” keçiriləcəyinə vəd kimi 2005-ci ildə İlham Əliyevin “Yerli icra hakimiyyətlərinin seçkilərə müdaxiləsini qadağan edən və seçicilərin barmaqlarının boyanması haqda” fərmanını göstərmək olar. Başlanğıcda hər şey yaxşı görünürdü və Qərblə bərabər bir sıra yerli siyasətçilər də islahatlar qatarının yola çıxdığını düşünməyə başlamışdı. Ancaq cəmi üç ay sonra 2005-ci ilin senyabrında iki nazirin müxalifətlə işbirliyinə girərək, Qərbin ”Narıncı” inqilabına dəstək vermələri iddiası və çevrilişə cəhd ittihamı ilə həbs olunmaları, bu ssenarinin Kremldə hazırlanıb Bakıda icra olunduğuna hamı əmin olanda, hamı həm də ona əmin oldu ki, adına balanslı xarici siyasət deyilən siyasi kurs ikinci Əliyevin yanaşmasında yaşaya bilmir, bitəcək!

Yeni siyasi kursun adı özündə monarxist elementlər daşıyan, istiqamət olaraq ərəb rejimlərinə bənzəyəcək “HEYDƏRİZM” olacaqdı.

Və bunun məntiqi davamı kimi Qərbin siyasi dəstəyi də, əlbəttə bitməyə məhkum idi!

İmitasyon demokratiyadan Tiraniyanın mağarasına doğru

Sonrakı dövrlərdə biz Qərb siyasi dairələrinin sanki ölü susqunluğunu müşahidə etməyə başladıq. Nə 2008-ci ilin real alternativsiz prezident seçkiləri ilə bağlı, nə də 2009-cu ildə keçirilən Azərbaycan dövlətçiliyinin respublikaçılıqdan sülalə idarəçiliyinə keçidini, bir nəfərin məhdudiyyətsiz müddətə ölkəyə rəhbərlik etməsini rəsmiləşdirən, ərəb və Orta Asiya coğrafiyasına xas Hüsnü Mübarək, Nazarbayev və Bəşər Əsəd yolunu açan maddə dəyişikliyi ilə əlaqədar referendum zamanı da Qərbin hər hansı yadda qalan qətiyyətli açıq mövqeyinə rast gəlmirik. Bu susqunluğun 2005-ci ildən 2010-cu il parlament seçkilərinin saxta nəticələrinə – son 20 ildə ilk dəfə olaraq müxalifətsiz parlament formalaşdırılmasına qədər olan dövrdə qapalı təzyiq kimi davam etdiyini biz yalnız bir siyasi hadisə ilə; ABŞ-ın bir ildən artıq müddətə Azərbaycana səfir gondərməməsi ilə xatırlayırıq.

Ancaq qəfildən “wikiliks” hadisəsi ilə ən gizli sənədlərin ortaya tökülməsi zamanı biz bir sıra yeni həqiqətlərlə də tanış olmağa başladıq. Əlbəttə açılan sənədlərdə biz İlham Əliyevi necə tanıyırıqsa, elə o imicin təsdiqi faktları əsasən çoxluq təşkil edirdi. Buna misal kimi, İlham Əliyevin Amerikanın vitse- prezidenti Baydenlə danışığı zamanı Rusiya haqda, Putinlə Medvedyevi müqayisə edərkən “iki qoçun başı bir qazanda qaynamaz”, Türkiyə haqda “mən imkan verməyəcəm Türkiyə enerji mərkəzinə çevrilsin” kimi, sonradan ciddi-cəhdlə danmağa çalışdığı cümlələrini göstərmək olar. Amma bundan az əhəmiyyətli olmayan isə ABŞ-ın o zamankı səfiri Enn Ders ilə görüşündə ona “…siz 2003-cü ildən bəri məni rəsmi prezident kimi qəbul etmirsiniz….” , “… mənə təzyiq etmək istəyirlər, ancaq ABŞ-dan başqa heç kimi buna haqqı yoxdur..” cümlələrinin olduğu mətnlərdir. Hər halda ABŞ rəsmilərinin qapalı görüşlərdə İlham Əliyevə “Mr. President” yox, “Mr. Aliyev” deyə müraciət etmələri münasibətlərin necəliyinə işıq tutur.

Buradan göründüyü kimi, bizim ölü susqunluq deyə xarakterizə etdiyimiz dövr, əslində qapalı görüşlər zamanı necə qarşılıqlı ittihamlar, amma həm də İlham Əliyevin ABŞ-ın təzyiq etməyə haqqı olduğunu etiraf etdiyi nüanslarla dolu imiş. Sadəcə olaraq eyni dövrdə paralel davam edən “kürü diplopatıyası” da rejimdə qəti əminlik yaratmışdı ki, qapalı təzyiqlərə baxmayaraq güclü dövlətlərin iqtisadi maraqlarını təmin etdikdən sonra ölkədə sülalə hakimiyyətini reallaşdırmaq yolunda qəti qələbəyə nail olmaq mümkündür. Bunun ən samballı əsası isə ərəb coğrafiyası idi. Onsuz da o coğrafiya tiraniyanın mağarası idi və heç kim, heç bir siyasi araşdırma ərəb tiraniyalarının dağılacağını, yaxud da dağılması üçün əsasların yarandığını iddia etmirdi.

Rejimin bütün bu arxayınlığı ərəb coğrafiyasında gözlənilməz inqilabların baş verməsinə qədər davam etdi. Bu inqilabların başlaması, xüsusilə də ilk günlərdə rejimdə tam bir apatiya vəziyyəti yaratdı, tiraniyanın mağarası dağılmışdı. Həmçinin, daxildə tam məhv edilməsi mümkün olmayan əzmkar siyasi müxalifətin əvvəlki dövrlərlə müqayisədə seçki sonrası dərin məyusluğun əvəzinə, bu dəfə seçki sonrası rejimin qəbul edilməyən legitimliyini sanksiyalaşdırmaq yolunu tutaraq İctimai Palata formatında təşkilatlanma cəhdləri qısa zamanda beynəlxalq qüvvələrin diqqət mərkəzinə yerləşməsinə, nominal da olsa, “potensial iqtidar” imicinə iddialılığı, bir tərəfdən rejimin psixoloji məğlubedilməz mifini dağıdırdısa, digər tərəfdən xarici siyasi dəstəyin bitməyə başladığı zamanda dalana dirənməyin astanasında olduğu reallığını rejimin dərk etməsinə, “Azərbaycanda siyasi dəyişiklik şərtidirmi? Qətidirmi?” dilemmasını yaşayanları isə ən azı düşünməyə sövq edirdi. Məhz həmin zamanda biz son 20 illik həyatını, (bəzilərinin gəncliyini, bəzilərinin alimliyini, bəzilərinin isə dünyaca məşhur “azərbaycanlı”lığını) Əliyevlərə xidmətə həsr etmiş kəslərin cinah dəyişərək, anti-rejim cəbhəsində yer almasını, təşkilatlanmağa çalışmalarını izləyirdik. Daha sonra bu təmərküzləşmə 2013-cü ilin prezident seçkilərinə doğru “Milli Şura” formatında başlanğıcda böyük ümidlər doğursa da, 2013-cü ilin may ayında Milli Şuranın platformasına Müsavat Partiyası tərəfindən təklif edilən “avrointeqrasiya” xəttinə Rüstəm İbrahimbəyov qanadının məlum etirazını, bir çoxunun “Kreml veto”su dediyi, skandalı yaşadı. (Ümumiyyətlə, həmin vaxtı “Rusiya təhlükəsi” yanaşmasını məsxərəyə qoyanlar bir neçə ay sonra Ukraynada baş verənləri izlədiyində utandılarmı görəsən? Üstəlik 1918-ci ildə Cümhuriyyətin elanı və 1991-ci ildə müstəqilliyin bərpası zamanı bəyan olunan “Azərbaycan öz inkişafını və milli təhlükəsizliyini avrointeqrasiyada görür” devizi əslində avropalaşmanı Cümhuriyyətimizin quruluş fəlsəfəsinə yerləşdirib.) Putinin Bakı səfərindən sonra isə “Mili Şura” özünün Rusiya vətəndaşı olan vahid namizədinin gəlişinin mümkünsüzlüyü reallığında ciddi nüfuz itkisi ilə üz-üzə qaldı. Və əvvəllər süngü ilə qarşılanan “Ehtiyat Vahid Namizəd” təklifinın nəhayət, qərara çevrilməsi sayəsində Milli Şuranı dalandan çıxarmaq mümkün oldu. Cəmil Həsənlinin namizədliyi ilə kifayət qədər uğurlu seçki kampaniyası aparıldı. Amma son dərəcə həssas bir dövrdə itirilən imkanlar seçki qabağı mütəşəkkil beynəlxalq dəstəyin də itirilməsi isə nəticələndiyinə görə daxili müqavimətlə, beynəlxalq təzyiqin harmoniyası alınmadı.

(Rejim özünə “məğlubedilməz”, Qərb isə ona “qəbuledilməz” deyir )

2010-2013-cü illər artıq Azərbaycanın yeni siyasi dövrə qədəm qoyduğu, Qərb siyasi dairələrinin “Azərbaycanda rejim dəyişməlidirmi” sualına cavab axtardığı dövr yox, “dəyişikliyin ən optimal variantı hansıdır” sualına cavab axtardığı dövrdür.

Son 2-3 ilin hadisələrindən sonra biz aydın şəkildə görə bilirik ki, İlham Əliyevin Qərbə göstərməyə çalışdığı “Mən məğlubedilməzəm”in əvəzinə Qərb də ona məglubedilməzliyinin qəbuledilməz olduğunu göstərməyə qərar verib. Bunun ən bariz nümunəsi Qərbin, İlham Əliyevlə münasibətlərdə əvvəlki dövrlərdən fərqli olaraq insan haqları və xüsusi ilə də siyasi məhbus məsələsində “daha güzəşt olmayacaq” mesajlarıdır.

Qərb vahid komanda şəklində nümayiş etdirir ki, İlham Əliyevlə münasibətləri bitirməkdə tərəddüdü yoxdur.

Məhz bu tərəddüdün aradan qalxması fonunda biz, Qərbin Azərbaycana münasibətdə “demokratiyaya inandırma yolu ilə islahatlara cəlb etmə” siyasətindən “dəyişikliyə məcbur etmə” siyasətinə keçidini, proparsional olaraq da İlham Əliyev hakimiyyətinin Putin Rusiyasının protektanlığına dogru sürətləndiyini izləyirik.

Bu siyasət Azərbaycana nə vəd edir? Cavab sadə deyil.

2013-ci ilin sonunda baş verən “assosiativ saziş” hadisəsinə qədər, hətta “Maydan” hadisələrinin başlanğıcında belə əksəriyyət bu qənaətdə idi ki, Yanukoviç müəyyən qədər Rusiyaya yaxınlığı ilə seçilsə də, Ukrayna daha çox Avropadır. Ukraynanın tamamilə Rusiyanın nəzarətində olması iddiaları ciddi qəbul edilmirdi. Amma hadisələrin sonuna doğru məlum oldu ki, Ukraynanın nəinki hökuməti, nəinki ordusu, bütün bürokratiyası Kremilin əmrindədir! Belə bir halda Azərbaycanda vəziyyətin nə ölçüdə Kremlin nəzarətində olduğunu təsəvvür etmək çox çətindir. Rejimin ölkəni III işğala, Putin Rusiyasının boyunduruğuna doğru apardığını kim görmür ki?!

Əvvəlcə Qərb-Azərbaycan münasibətlərinə, bu münasibətlərin xüsusilə də iqtisadi yöndən nə qədər dərinliyə işlədiyinə nəzər salaq. AP-nin son qətnaməsi fonunda biz yalnız Azərbaycanın heç üzvü belə olmadığı Avropa ittifaqı ilə əlaqələrinə göz ataq. O zaman rejimin lazım gəlsə Avropa ilə əməkdaşlığı dayandıraraq hədələri reallaşarsa, ölkəmizi hansı dağıntıların gözlədiyi haqda təsəvvürlərimiz yaranacaq:

1991-ci ildə müstəqillik qazandıqdan sonra Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biridir. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində Azərbaycan dövlətinin inkişafı üçün təminatlı geniş imkanlar pəncərəsi yaratmışdır. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 22 aprel 1999-cu ildə Lüksenburqda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanması ilə qoyulub. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması və hüquq sisteminin müstəqilliyinin reallaşdırılmasını təşkil edir.

2004-ci ildə qoşulduğumuz Avropa Qonşuluq Siyasəti (AQS) isə ölkəmiz üçün aşağıdakı imkanlar deməkdir:

– siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı.

– vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak.

2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.

ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.

“Şərq Tərəfdaşlığı” Azərbaycanın Avropaya inteqrasiyasına geniş imkanlar açsa da, geridə qalan müddətdə rəsmi Bakı demokratiya, siyasi islahatlar və üzərinə götürdüyü digər öhdəliklərlə bağlı heç bir addım atmayıb. “Şərq Tərəfdaşlığı” çərçivəsində yaradılan parlament birliyinin rəsmi sənədində də deyilir ki, bu proqramın tərəfdaşları gələcəkdə Avropa Birliyinə üzv ola bilərlər.

Aİ ilə əlaqələrin genişlənməsinin ölkədəki avtoritarizmin əlini-qolunu bağlayacağı reallığından çəkinərək, dövlətimiz üçün belə bir uğurlu imkanlardan maksimum faydalanmaq əvəzinə, rejim əbədi hakimiyyət maraqları naminə bu imkanları geri çevirir.

İndiyə qədərki dövrdə rejim bu əməkdaşlıq münasibətlərini yalnız enerji əməkdaşlığı müstəvisində çərçivələyib. Digər qanunvericilik, siyasi islahatların icrası dondurulub. Hətta bu halda belə əlaqələr o qədər şəbəkələşmiş, dərinləşmiş vəziyyətdədir ki, bu əlaqələrin dayandırılması ölkə iqsadiyyatının dağıntılar altında qalması ilə nəticələnər.

Siyasi partiyalara, mediaya, ayrı-ayrı jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı tətbiq edilən sistematik repressiya vəziyyətin nə dərəcədə ağır olduğunu göz önünə sərir. Məhz indi Qərbin real rıçaqlarını, üst “elita”ya qarşı sanksiyaları işə salması son dərəcə zəruridir. Qərb öz siyasətini elə qurmalıdır ki, nəticədə Avropadan uzalaşdırılan Azərbaycan yox, yalnız rejimin özü olmalıdır.
Elman Fəttah

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir