Vizyon

Kürdistan Devlet Tasavvuru Ve Barzani’nin Tutarsızlığı

İsrail’in yeni Afrika açılımı ne anlama geliyor?

Erdoğan Türkiye’nin devlet olarak kalmasını istiyorsa, o zaman Gülencileri temizlemeli

Türkiye Eritre ilişkileri ve Afrika boynuzunda devlerin savaşı!

Erməni lobbiçiliyinin aktiv fəaliyyəti

Ermenistan 27 Ocak 2016
373

Erməni lobbiçiliyinin aktiv fəaliyyəti

Nesrin Süleymanlı

Lobbiçilik müxtəlif məsələlər ətrafında ola bilər. Erməni lobbiçiliyi isə dünya erməniliyini birləşdirən xəyali erməni maraqları ətrafında aparılır.

Bu çox istiqamətli fəaliyyətin həyata keçirilməsi üçün erməni toplumları ən müxtəlif təsir vasitələrindən, o cümlədən böyük maliyyə xərclərindən istifadə edirlər. Bunun üçün yuxarıda xatırlandığı kimi, erməni diasporunun ixtiyarında son dərəcə böyük maliyyə ehtiyatları toplanmışdır.

Malik olduqları təsir vasitələrinə görə, erməni diasporu dünyanın böyük ölkə­lərində özlərinə kifayət qədər havadar tapa bilmişdir. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə erməni lobbiçiliyinin məhsulu olan bu havadarların böyük potensialı səfərbərliyə alındı və Azərbaycana qarşı dünya miqyasında total təbliğata cəlb edildi.

Müşahidəçilərin fikrincə, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağ­­lı qanuni mövqe tuta bilməməsi özü də erməni lobbiçiliyinin təsirinin ifadəsi idi . Çünki həm SSRİ rəhbərliyinin ətrafını bürümüş, həm də Rusiyanın siyasi həyatında kök salmış erməni diasporu SSRİ rəhbərliyini antiazərbaycan mövqe tut­mağa sövq edə bildi. Erməni millətçiləri inandırmağa çalışırdılar ki, belə bir mövqe tutulması ilk növbədə məhz Moskvanın maraqlarına uyğundur. Belə bir fikir erməni təbliğatına aldanmış müəyyən rus siyasətçiləri tərəfindən də irəli sürülürdü. Məsələn, SSRİ-nin dağılmasından sonra Ermənistanda Rusiyanın ilk səfiri olmuş V.Stupişin mərkəzlə apardığı yazışmalarında iddia edirdi ki, Rusiya Ermənistana lazım olduğu kimi, Ermənistan da Rusiyaya lazımdır. Ermənistan və Dağlıq Qarabağ Rusiyanın Zaqafqaziyadakı mövqeyinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Keçmiş səfirin fikrincə, bu bölgənin tərk edilməsi dərhal Şimali Qafqazın itirilməsi və bütün istiqamətlərdə türklərin (və onların arxasında dayanan ABŞ-ın) irəliləməsinə səbəb olacaqdı .

SSRİ rəhbərliyində olan A.Yakovlev, Rusiya Dumasının sədri olmuş G.Selez­nyov və digər rəsmilər Dağlıq Qarabağda erməni mövqelərinin qorunmasına meylli olduq­larını gizlətmirdilər. Rusiyada erməni lobbiçiliyinin hərəkət­verici qüvvəsi isə akademik A.Saxarov, onun xanımı Bonner-Əlixanyan, özlərini Rusiyanın yeni demokratları sayan Q.Starovoytova, A.Nuykin, Şabad, Şeynis, Q.Popov və di­gərləri idilər . Bu adamlar və onların həmfikirləri yalnız SSRİ məkanında deyil, bütün dünyada Qarabağ ermənilərinin Azərbaycanın təcavüzünə mə­ruz qalması barəsində əsassız hay-küy qaldıra və bununla bu münaqişə haqqında yanlış beynəlxalq rəy yarada bildilər. Moskvada yerləşən media vasitələri isə bu şəxs­lərin havadarlığı ilə açıq ermənipərəst mövqedən son dərəcə qızışdırıcı bir təbliğata rəvac verdilər.

Münaqişənin başlanğıcında vəziyyətin araşdırılması üçün Moskvadan Bakıya ziyalılardan ibarət nümayəndə heyəti göndərildi. Bu nümayəndə heyətinə erməni lob­biçiliyinin fəalları kimi tanınan A.Saxarov, Y.Bonner, Q.Stravoytova və digərləri daxil idilər. Bu adamlar Moskvaya geri qayıtdıqdan sonra yenidən Qarabağ erməni­lə­rinin Azərbaycanda təcavüzə məruz qalması haqqında erməni maraqlarının müda­fiəsinə qalxdılar.

Eyni zamanda Amerikada, İngiltərədə və Avropa ölkələrində erməni millət­çilə­rinin havadarları tərəfindən kütləvi təbliğat kampaniyasına başlandı. Böyük Britani­yada erməni lobbiçiliyinə Lordlar palatasının üzvü, sonradan Britaniya-Ermənistan par­la­mentlərarası dostluq qrupunun sədri olmuş Baponessa Koks rəhbərlik edirdi. O, mü­naqişənin fəal fazaya daxil olmasının ilk günlərindən millətçi-separatçı erməni dairələrinin hamisi kimi özünü hadisələrin mərkəzinə atdı. Baronessa Koks Qarabağ ermənilərinin separatçı təcavüzünün pərdələnməsi və onlara qarşı qanuni tədbirlərin həyata keçirilməsinin qarşısının alınması üçün SSRİ rəhbərliyi qarşısında məsələ qal­dırdı, M.S.Qorbaçovdan Dağlıq Qarabağa yollanmaq üçün icazə aldı, orada erməni millətçilərinin fəalları ilə görüşdü. Sonra da erməni millətçilərini himayə edən və on­ların mahiyyətini gizlədən təbliğat kampaniyasına rəvac verdi. Bu mənada Baronessa Koks Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrə qeyri-obyektiv mövqe tut­maqla dar maraqlardan çıxış edən erməni lobbiçiliyinin klassik nümunəsi sayıla bilər. Çünki, Baronessa Koks öz əlaqələrini işə salmaqla Britaniya parlamen­tində, Avropa parlamentində, Birləşmiş Millətlər Təşkilatında, çoxsaylı xristian və hüquq müdafiə təşkilatlarında Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələrin mahiyyətini təhrif etdi, tarixi reallıqları, qüvvədə olan daxili qanunvericiliyi və bey­nəlxalq normaları nəzərə almadan hadisələri tamam başqa bir rəngdə təqdim etdi, erməni millətçi-separatizminə himayəçilik etdi və bu separatizmə beynəlxalq dəstək istədi .

Erməni diaspor mərkəzləri 1992-ci ilin əvvəllərində Baronessa Koksun Amerika Birləşmiş Ştatlarına və Kanadaya səfər etməsinə nail oldu və fəal erməni lobbiçiliyini edən bu xanımı həmin ölkələrin siyasi dairələrində görüşlərini təşkil etdi. Həmin görüşlər haqqında erməni diaspor informasiya vasitələrində də məlumatlar yayıldı. Baronessa Koks ABŞ Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin o vaxtkı sədri Con Bosli və senator Kleyborn Pel ilə birlikdə hətta Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya rəsmilərinə tövsiyələr verməkdən belə çəkinmədi. Xanım Koks adları çəkilən bu şəxslərlə birlikdə Rusiya Ali Soveti İnsan hüquqları komissiyasının sədri Sergey Kovalyova məktub göndərdi. Dağlıq Qarabağ ətrafında cərəyan edən pro­seslərin mahiyyətini təhrif edən və ermənipərəst maraqlar üçün saxtalaşdırılan həmin məktubda təklif olundu ki, Rusiya Ali Soveti nəzdində Dağlıq Qarabağ məsələsi ilə bağlı işçi qrup yaradılsın və Bareonessa Koksa da bu işçi qrupunda yer verilsin .

Səfəri günlərində erməni diasporu Baronessa Koks Kanada ermənilərinin nəşri olan “The Armenian Cause” qəzetində Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən yazı ilə çıxış etməsini də təşkil etdi . Bununla da Dağlıq Qarabağdan çox-çox uzaq olan və münaqişə ilə bağlı məlumatı olmayan çoxsaylı ingilis və fransız dilli Kanada oxucusuna ermənilərin maraqlarını əks etdirən informasiya çatdırıldı.

Baronessa Koksun erməni lobbiçiliyində göstərdiyi fəallıq təəccüb doğurmaya bilməz. Hadisələrin başlandığı günlərdən 2012-ci ilə qədər xanım Koks 78 dəfə Dağlıq Qarabağa səfər etmiş və tutduğu ermənipərəst mövqenin dəstəklənməsi üçün Böyük Britaniya hökumətinə də təzyiqlər göstərməyə çalışmışdı. Baronessa Koksun erməni maraqlarına bu dərəcədə can yandırması, erməni lobbiçiliyinin liderlərindən birinə çevrilməsi Dağlıq Qarabağ ətrafında millətçi-separatizmə rəvac verən ermə­ni­lər tərəfindən də yüksək qiymətləndirilirdi. O, Ermənistanın dövlət mükafatına da layiq görülmüş və dəfələrlə Ermənistan rəhbərliyi tərəfindən qəbul edilmişdi .

Daha güclü erməni diasporunun mövcud olduğu Amerika Birləşmiş Ştatlarında erməni lobbiçiliyi də son dərəcə güclüdür. Bu ölkənin dünyanın güc mərkəzi olması və dünya siyasətində aparıcı yer tutması burada erməni lobbiçiliyini erməni millət­çi­ləri üçün xüsusi ilə aktual edirdi. Dağlıq Qarabağ ətrafında erməni iddiaları əməli xa­rakter alan kimi, Amerikadakı erməni lobbisi dərhal səfərbərliyə alındı və bununla da Dağ­lıq Qarabağla bağlı Amerikanın ictimai fikrinə təzyiqlər gücləndirildi. Erməni mil­lətçiləri əmin idilər ki, bu yolla onlar Amerikanın siyasi dairələrini SSRİ rəh­bər­li­yinə qarşı qoya və Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana veril­mə­si üçün təzyiqləri gücləndirə bilər. Bunun nəticəsi idi ki, Amerikadakı erməni lob­bisi Dağlıq Qarabağ məsələsini tezliklə ABŞ senatının müzakirələrinə çıxarmağa müvəf­fəq oldu. 1989-cu il iyul ayının 19-da ABŞ senatı erməni lobbisinin təzyiqi ilə Dağlıq Qarabağda cərəyan edən hadisələrlə bağlı qərar qəbul etdi. Erməni lobbi­çilərinin təzyiqi ilə erməni millətçilərinin marağının əks etdirilməsi üçün qəbul edilmiş bu qərarda Dağlıq Qarabağ ermənilərinin zorakılıqlara məruz qalması, Dağlıq Qarabağ ermənilərinin “haqlarının” qorunmasının zəruriliyi kimi cəfəng fikirlər öz əksini tapdı.

ABŞ-ın o zaman SSRİ-dəki səfiri Con Metlok bu qərarın yalnız bir neçə sena­torun təşəbbüsünün nəticəsi kimi dəyərləndirsə də, erməni diasporu ondan məharətlə istifadə edirdi, belə qərarları kütləvi informasiya vasitələrinə çıxarmaqla Dağlıq Qa­rabağa qarşı erməni separatçı iddiaların beynəlxalq aləmdə dəstəklənməsi barə­sin­də fikir yaratdılar. Həm də belə qərarlardan erməni diasporu və lobbiçiləri Azər­bay­cana qarşı məhdudlaşdırıcı qərarlar qəbul edilməsi üçün istifadə etdilər.

Amerikanın özündə də ermənilərin bu oyunlarından xəbərdar olanlar var idi. Mə­sələn, həmin illərdə kütləvi informasiya səhifələrinə çıxarılmış amerikalılara məx­sus bir fikirdə bildirilirdi: “Amerika konqresində erməni lobbisinin çoxlu “qış­qıran” nümayəndəsi vardır. Ölkədə isə hətta saxtakarlıqlardan belə çəkinməyərək istənilən yolla öz məqsədlərinə çatmaq istəyən bir neçə erməni təşkilatı mövcuddur. Erməni biznesmenləri müxtəlif təşkilatlar yaradırlar, fağır ermənilərin “əzabları” haqqında şayiələr yayırlar. Erməni millətçilərinin təsiri altında Amerika xalqı belə hesab edir ki, ermənilər qonşusunun zorakılıqlarının qurbanıdır” .

1991-ci ildə erməni millətçilərinin bütün daxili qanunlara və beynəlxalq nor­malara zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərində Dağlıq Qarabağın müs­təqilliyini elan etməsi Amerikadakı erməni lobbiçilərini yeni bir kampaniyaya baş­lamağa rəvac verdi. Onlar Amerika siyasi dairələrini və ictimaiyyətini inandır­ma­ğa çalı­ş­dılar ki, Azərbaycan xalqının ölkənin ərazi bütövlüyü uğrunda iradə nümayiş etdirməsi Dağlıq Qarabağ ermənilərinə qarşı təcavüzkarlıqdır .

Amerika erməni diasporunun Amerika siyasi dairələrinə təsir etmək və bununla da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənipərəst qərarların qəbul edilməsinə nail olmaq üçün özünəməxsus təsir imkanlarından istifadə edir. Bu təsir mexanizm­lərin­dən ən sınanmışı ilk növbədə erməni kapitalıdır. Erməni diasporu onun marağını müdafiə edəcək namizədlərin seçki kampaniyasına lazım olan qədər vəsait ayırır və bununla da onları asılı vəziyyətə salmağa çalışır. Bu mənada Amerikanın erməni diasporu çox səxavətli diaspor kimi tanınmışdır .

Erməni ideoloqları iddia edirlər ki, Amerika konqresmenlərinə təsir vasitəsi ki­mi, hətta Konqresin yaxınlığında olan yeməkxanadan da istifadə olunur. Bu yemək­xananın əsası ermənilər tərəfindən qoyulub və ermənilər yemək üçün bura gələn konqresmenlərə öz söhbətləri ilə təsir etmək fürsətini əldən vermirlər .

Konqresin aparatı və dövlət orqanlarının nümayəndələri sıx əlaqələrin saxlan­ması, media ilə əməkdaşlığa geniş yer ayrılması da erməni diasporunun təsir mexa­nizm­lərindəndir. Belə çoxşaxəli təsir imkanlarından istifadə edilməsinin nəticəsidir ki, ABŞ Ermənistanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıdığı halda, Azərbay­canın müstəqilliyini 1992-ci ilin martında tanıdı .

1992-ci ildə erməni lobbiçiliyinin fəal dəstəyi ilə Amerikanın Azərbaycana maliyyə və hərbi yardımlara qadağa qoyan “Azadlığa dəstək aktına” 907-ci Düzəliş qəbul edildi. Bu Akt ilkin variantında keçmiş sovet respublikalarına maliyyə və tex­niki yardım göstərilməsi nəzərdə tuturdu. Konqresin ermənipərəst üzvləri guya Azərbaycan tərəfdən Ermənistanın və Dağlıq Qarabağın blokadaya alınmasını bəhanə edərək Azərbaycana Amerika yardımı göstərilməsinə qadağa qoyulmasını təklif et­dilər. 1992-ci ilin sentyabrında həmin qadağaları nəzərdə tutan 907-ci Düzəliş Sena­tın və Nümayəndələr palatasının razılaşdırıcı konfransında qəbul olundu .

907-ci Düzəlişin qüvvədə olmasının təsiri nəticəsində 1996-cı ilə kimi Amerika Ermənistana 612 milyon dollar, Gürcüstana 420 milyon dollar yardım ayırdı. Həmin müddət ərzində Azərbaycana isə cəmi 80 milyon dollar ayrılmışdı. 1996-cı ilin müzakirələri zamanı Nümayəndələr palatasının erməni lobbiçiləri tərəfindən 1997-ci ildən etibarən Dağlıq Qarabağ ermənilərinə də ayrıca maliyyə yardımı ayrılmasına nail olundu .

Azərbaycan dövlətinin təlaşları nəticəsində 907-ci Düzəlişin ədalətsiz bir qərar olması haqqında istər Amerikanın dövlət rəsmiləri, istərsə də konqres üzvləri arasında müəyyən rəy yaradılması mümkün oldu. Bunun nəticəsi kimi, 1997-ci ildə də, 1998-ci ildə də 907-ci Düzəlişin ləğvinə cəhd göstərdilər. Lakin Konqresin erməni lobbi­çilərinin müqaviməti bu Düzəlişin ləğvinə imkan vermədi . Bir də 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı məlum terror hadisəsindən sonra Senat qərar qəbul edərək Amerika prezidentinə səlahiyyət verdi ki, bəzi hallarda Azərbaycana maliyyə yardımı göstərilə bilər. Bir şərtlə ki, Amerikanın yardımı Azərbaycan tərəfindən Er­mənistan üzərinə hücum üçün istifadə edilməsin .

Amerikanın Erməni Milli Komitəsi (AEMK) və Amerika Erməni Assambleyası (AEA) dərhal bu qərarın əleyhinə çıxdılar və qərarın ləğvi üçün konqres üzvlərinə təz­yiqləri gücləndirdilər. AEMK-nin üzvləri 2001-ci ildə Nümayəndələr palatasının Xarici əməliyyatlar yarımkomitəsinin üzvləri ilə görüşərək 907-ci Düzəlişin qüvvədə saxlanmasına cəhd göstərdilər .

Erməni maraqlarını daha yaxşı qorumaq üçün 1995-ci ildə Amerika konqresində erməni məsələsi üzrə ikipartiyalı qrup (Armenian Caucus) yaradıldı. Bu qrupun əsasını demokrat Frenk Pellone ilə respublikaçı Edvard Porter qoydu. 2013-cü il iyul ayının 1-nə olan məlumata görə ABŞ-ın 113-cü Konqresinin 110 üzvü bu qrupun üzvü idi. Yəni, erməni diasporu Amerikanın hər iki əsas partiyası tərəfindən erməni lobbiçiliyi edilməsinə nail ola bilmişdi. Erməni maraqları ətrafında bu partiyaların bir çox fəalları ortaq möv­qe əldə etməyi bacarırdılar. Yaradılmış qrup Nümayəndələr palatasının nəzdində fəaliyyət göstərməkdədir. Bu qrupdan başqa ayrıca olaraq həm Demokratlar par­tiyasında, həm də Respublikaçılar palatasında Erməni Şurası yaradılmışdır. Erməni maraqlarının lobbiçiliyini edən bu qurumlar qarşılarında dayanan əsas vəzifələri aşağıdakılar hesab edirdilər:

  1. Qondarma erməni soyqırımının tanıdılması
  2. Qondarma Dağlıq Qarabağ Respublikasının tanıdılması və ona yardım gös­tərilməsi
  3. 907-ci Düzəlişin olduğu kimi qüvvədə saxlanması
  4. Bakı-Tbilisi – Ceyhan kəmərinin icrasının dayandırılması .

Konqresdə erməni lobbiçilərinin bu istiqamətdəki fəaliyyətinə senator Robert Do­ul və senator Mitça Makkonnel rəhbərlik edirdilər. Erməni maraqlarının qorun­ma­sı sahəsində göstərdikləri canfəşanlıqlara görə R.Doul 2001-ci ildə AEMK –nın xü­susi mükafatına layiq görüldü M.Makkonnelə və onun təmsil etdiyi Respubli­ka­çılar partiyasına isə Amerika erməniləri 5 il ərzində 200 min dollar vəsait ayırdılar .

Yuxarıda qeyd edildiyi kimi, Amerikadakı erməni diaspor təşkilatları Ame­ri­ka­nın ictimai-siyasi dairələrinin ələ alınması üçün lobbiçilik fəaliyyətinə son dərəcə səxa­vətlə maliyyə vəsaiti ayırırlar. İctimaiyyətə çatdırılmış məlumatlara görə, təkcə Amerika Erməni Assambleyası 1994-cü ildə lobbiçilik fəaliyyəti üçün 7 milyon dol­lar vəsait xərcləmişdi ki, onun da əsas hissəsi konqresdəki lobbiçiliyə istiqamət­lən­mişdi .

Amerika Erməni Assambleyasından daha böyük və daha imkanlı təşkilatlar olan Amerika Erməni Milli Komitəsinin həmin ildə lobbiçiliyinə nə qədər vəsait ayırdığını məlumat qıtlığı üzündən söyləmək çətindir.

Mövcud olan digər məlumatlara görə isə Amerika Erməni Assambleyası 1998-2011-ci illər arasında lobbiçilik fəaliyyəti üçün aşağıdakı miqdarda maliyyə vəsaiti (ABŞ dolları ilə) ayırmışdı:

1998-ci il                -200000               2005-ci il             -220000

1999-ci il                -170000               2006-ci il             -180000

2000-ci il                -270000               2007-ci il             -320000

2001-ci il                -240000               2008-ci il             -182304

2002-ci il                -140000               2009-ci il             -332500

2003-ci il                -180000               2010-ci il             -167982

2004-ci il                -220000               2011-ci il             -177404

Qeyd etmək lazımdır ki, yalnız 1994-cü ildə lobbiçiliyə xərclənmiş vəsaitlə müqayisədə yuxarıdakı rəqəmlərin doğruluğu müəyyən şübhə doğurur. Digər tərəf­dən isə bu rəqəmlər yalnız Amerika Erməni Assambleyasına aiddir. Amerikanın digər diaspor təşkilatlarının da lobbiçilik fəaliyyətinə maliyyə vəsaitləri ayırdığı mə­lumdur. Əgər bütün bu təşkilatların erməni lobbiçiliyi üçün ayırdığı vəsait bir yerə toplanarsa, onda bu çox böyük bir rəqəm edər.

Çəkilən xərclərin əvəzini ermənipərəst senatorlar və digər siyasi dairələr də sə­xa­vətlə ödəməkdə davam edirlər. 20 illik müstəqilliyi ərzində erməni lobbiçilərinin kö­­məyi nəticəsində ABŞ-dan Ermənistana 3 milyard dollar maliyyə yardımı gön­dərilmişdir .

Prezident Barak Obamanın Ağ evə rəhbərliyi dövründə Amerikanın xarici ölkə­lərə, o cümlədən də Ermənistana və Dağlıq Qarabağa maliyyə yardımı tədricən azalmağa başladı. Məsələn, 2013-cü il Ermənistana 40 milyon dollar, Dağlıq Qara­bağa 5 milyon dollar maliyyə yardımı ayrılmışdısa, 2014-cü il üçün bütünlükdə Ermə­nistana 26,8 milyon dollar, Dağlıq Qarabağa isə 2 milyon dollar nəzərdə tutul­muşdu. Başqa sözlə, Ermənistana göstərilən maliyyə yardımı 38 faiz, Dağlıq Qara­bağa isə 60 faiz az maliyyə yardımı nəzərdə tutulmuşdu. Erməni lobbiçiləri isə Ağ evin bu təklifi ilə razılaşmayaraq ayrılan bu vəsaitlərin xeyli artırılması məsələsini irəli sürdü. Bununla bağlı, Erməni Koksun (Armenian Caucus) demokrat həmsədri Frenk Pellone və respublikaçı həmsədr Maykl Qrim və onlarla birlikdə daha 20 ermənipərəst konqres­men müvafiq rəsmi orqanlar qarşısında məsələ qaldırdılar .

Erməni lobbiçilərinin apardığı fəal təbliğat işləri ilə Nümayəndələr palatasının 100-dən çox üzvü ABŞ prezidentinə müraciət göndərərək qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırdı. Amerika konqresmenlərinin bu mü­raciətində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış təcavüzkar qurum mü­tərəqqi inkişaf yolu keçən bir qurum kimi təqdim olunmuşdur .

Yorumlar