Vizyon

Vekâlet Savaşlarından Vekâlet Devlet’e: Kürdistan

Barzani’nin referandumu Irak Türkmenlerinin geleceğini nasıl etkiler?

tarihe abdulhamitçi ve kemalist hamasetten uzak bir dokunuş

TEZKEREYE DAİR

“İpək Yolunu tarixi və mədəni dəyər olaraq yenidən canlandırmaq ortaq hədəfimizdir”

Gündem 14 Temmuz 2017
121

Türkiyə Cümhuriyyətinin gömrük və ticarət naziri Bülent Tüfenkçinin önümüzdəki günlərdə Azərbaycana səfər etməsi planlaşdırılır. Nazirin səfər ərəfəsində qəzetimizə verdiyi müsahibəni təqdim edirik.

– Cənab nazir, Azərbaycana səfərinizin əsas məqsədləri nədir?
– Azərbaycan ilə Türkiyə bir-birini qardaş olaraq qəbul edən, əlaqələrini buna görə həyata keçirən iki dövlətdir. Yalnız Azərbaycan ilə deyil, Gürcüstanla da əlaqələrimiz ortaq tarixin və mədəniyyətin təsirinə dayanaraq müstəsna xüsusiyyətə malikdir. Hər iki qonşu respublika müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bu yana bu münasibətlər həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli – müxtəlif təşkilatlar çərçivəsində – inkişaf etməkdə və güclənməkdədir. Asiya ilə Avropanı birləşdirən ən əhəmiyyətli qovşaq nöqtəsində yer alan üç ölkənin əməkdaşlığı böyük əhəmiyyət daşımaqdadır. Ötən dövrə baxdığımızda ölkələrimiz arasındakı əlaqələrin həm qonşularımıza, həm də dünyaya nümunə olacaq xüsusiyyətini görmək irəlidə həyata keçirəcəyimiz yeni layihələr üçün bizləri cəsarətləndirir. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə reallaşdırdığı Bakı-Tiflis-Qars dəmir yolu layihəsi artıq yekunlaşmaq üzrədir. Bu çərçivədə Bakıda ölkələrimizin gömrük sahələrinin rəhbərləri olaraq bir araya gəlib Qafqaz tranzit dəhlizinin dəstəklənməsi istiqamətində gələcək addımları nəzərdən keçirmək istəyirik. Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətə başlaması tarixi İpək Yolunu canlandırmaq üçün Türkiyə, Azərbaycan və Gürcüstanın böyük töhfəsi olacaq.
– Tarixi İpək Yolu uzaq Çini Asiya üzərindən Anadolu və Avropaya bağlayan karvan yolu olaraq əsrlər boyunca bu coğrafiyanın xalqlarına xidmət göstərib, müxtəlif sivilizasiyalara şahidlik edib. Bu eyni zamanda dünyanın ən uzun ticarət və mədəni ünsiyyət şəbəkəsi olub. Necə düşünürsünüz, İpək Yolunun dirçəldilməsinin türk dünyası üçün əhəmiyyəti nədir?
– Tarixi anlamda İpək Yolu türk dünyası üçün əhəmiyyətli bir yerə malikdir. O, türklərin yaşadığı coğrafi bölgələri bir-birinə bağlayan vahid nəqliyyat yolu kimi ticarət əlaqələrinin intensivləşməsinə səbəb olub, xalqlarımızın birlik və bərabərliyini təmin edib, mədəni səviyyəsi yüksək olan böyük məskənlərin qurulmasında rol oynayıb. Müasir anlamda isə İpək Yolu 60 ölkəni əhatə edən, Avrasiya və Şimali Afrika coğrafiyasını Çinə bağlayan dəniz yolu, dəmir yolu, hava və quru yolu, həmçinin neft-qaz kəmərləri daxil olmaqla müxtəlif qarşılıqlı ticarət fəaliyyətlərini reallaşdırmaq düşüncəsi ilə ortaya çıxan bir təşəbbüsdür. İpək Yolu çərçivəsində həyata keçirilən layihələrdə türk tarixində əhəmiyyətli rol oynamış önəmli ticarət qovşağı xüsusiyyətinə sahib şəhərlər yer almaqdadır.
İpək Yolunu canlandırmaq üçün reallaşdırılan cəhdlərdən biri də nazirliyimizin iştirakı ilə 2008-ci ildə başladılan İpək Yolu Təşəbbüsü və onun real müstəviyə keçən Karvansaray layihəsidir. Layihədə Azərbaycan, Gürcüstan, Türkiyə, Qırğızıstan və Qazaxıstanın iştirakı təmin edilib. Bu təşəbbüs ilə Avropa və Çin arasında və eyni zamanda bu coğrafiyada yer alan ölkələrin öz aralarında ticarətin və nəqliyyatın inkişaf etdirilməsi ilə yanaşı, İpək Yolunun da tarixi və mədəni dəyər olaraq da yenidən canlandırılması ümumi hədəfimizdir.
Bu xüsusda tarixi İpək Yolunun Orta Asiya və ardınca da Qafqaz ölkələrini əhatə edən istiqamətində hazırlanacaq bir layihə çərçivəsində sərhəd-keçid məntəqələrinin infrastrukturu və insan qaynaqlarının təsbiti, bununla bağlı fərqliliklərin və ehtiyacların müəyyən edilməsi nəzərdə tutulur. Karvansaray layihəsinin məqsədi bölgə ticarətində, ticarət mütəxəssisinin önündəki hüquqi və praktiki qeyri-müəyyənliklərin aradan qaldırılması, sərhədlərdə gözləmə müddətinin azaldılması, gömrük əməliyyatlarının sadələşdirilməsi və asanlaşdırılmasıdır.
– Sözünüzün əvvəlində Türkiyənin Azərbaycan və Gürcüstan əlaqələrinə toxundunuz. Bu fikrin davamı olaraq cavabdeh olduğunuz sahədə Azərbaycanla Türkiyə arasındakı əlaqələri, bu sahədə mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
– İkitərəfli münasibətlərimiz qardaşlıq bağları təməlində hər sahədə mükəmməl səviyyədə irəliləməkdədir. Bu il diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümünü qeyd edirik. Qardaşlığımız isə uzun və böyük bir tarixə dayanır. Azərbaycan və Türkiyə hər sahədə bir-birlərinin yanındadır və yürütdükləri siyasətlə ümumilikdə bölgənin rifahına, dinclik və sabitliyinə töhfə verməkdədir. Qardaş və strateji ortaq olmanın ruhuna uyğun şəkildə Türkiyə və Azərbaycan hər cür beynəlxalq platformada bir-birini dəstəkləməyə davam edəcək.
Konkret bizim sahəyə gəlincə, nazirliyimiz Azərbaycan Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq fəaliyyəti həyata keçirir. Qarşılıqlı təcrübə mübadiləsi üçün il ərzində tez-tez bir araya gələn işçilərimiz ayrıca Türk Şurası kimi təşkilatlarda əməkdaşlığı davam etdirir. Bakı-Tiflis-Qars və digər layihələrdə azərbaycanlı həmkarlarımız ilə birlikdə çalışırıq. Onu da qeyd edim ki, Türkiyənin Bakıdakı səfirliyində 2009-cu ildən gömrük müşavirimiz fəaliyyət göstərir. Bilavasitə sərhəddə əməkdaşlığımız isə Naxçıvan Muxtar Respublikası ilə aramızda olan Dilucu-Sədərək quru sərhəd keçid məntəqəsindən avtomobil və sərnişin keçid əməliyyatları vasitəsilə həyata keçirilir.
– Türkiyənin Gömrük və Ticarət Nazirliyi olaraq sizin “Əxilik” adlı layihəniz də var. Səlcuqlu və Osmanlı dövrlərində Anadoluda yaşayan türklərin sənət, ticarət kimi sahələrdə yetişməsini təmin edən, onları əxlaqi cəhətdən yetişdirən, iş həyatında yaxşı insan üstünlüklərini əsas götürən bir təşkilatlanma olan Əxiliklə bağlı layihənin təqdimatına Azərbaycandan başlamaq istəyirsinizmi?
– Orta əsrlərdə Orta Asiyadan Balkanlara qədər türklərin yaşadığı coğrafiyalarda geniş yayılmış və bu bölgələrin türkləşməsində və islamlaşmasında böyük əhəmiyyətə malik olmuş Əxiliyin ortaya çıxdığı və formalaşdığı ilk bölgələrdən biri də Azərbaycandır. Əxilik düşüncələrinin Anadoluda yayılması və önəmli bir quruluşa çevrilməsində də Azərbaycan türkləri əhəmiyyətli rol oynamışlar. Əxilik düşüncələrini sistemləşdirərək güclü birlikləri meydana gətirib onların Anadoluda və digər ərazilərdə geniş yayılmasına öndərlik edən, Əxi Evrən ləqəbi ilə tanınan Şeyx Nəsrəddin Mahmud Cənubi Azərbaycanın Xoy şəhərində doğulub. Əxilik Anadoluda güclü bir təşkilatlanmaya və təsirli bir mərkəzə qovuşduqdan sonra da Azərbaycanda varlığını və nüfuzunu qorumağa davam etmişdi.
Bundan başqa, Azərbaycan torpaqlarında XIV-XVI əsrlərə aid əxi təkkələrinin, türbələrin, epiqrafik strukturların və Azərbaycanın ictimai həyatında əhəmiyyətli rol oynamış şəxslərin (Əxi Məhəmməd, Əxi Yusuf, Şeyx İzzət, Şeyx Sədrəddin, Əxi Hənifə, Əxi Həsən və s.) mövcudluğu da Əxiliyin bu torpaqlarda hökm sürdüyünü isbatlamaqdadır.
Bunlara əlavə olaraq deyə bilərəm ki, türksoylu xalqlar içərisində Türkiyə və Azərbaycan türkləri zəngin mədəni mirasa sahibdirlər və bu xalqların mənəvi-mədəni dəyərlərində bir çox bənzərlikləri görmək mümkündür. Əxilik də bu ortaq dəyərlərdən olub. Bu çərçivədə xaricdə reallaşdırılacaq olan fəaliyyətin ilk olaraq Azərbaycanda həyata keçirilməsinin böyük əhəmiyyət kəsb edəcəyini düşünürük.

Mehparə Sultanova
Ankara

Yorumlar