KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. İranlı generalın Türkiyə səfərinin pərdəarxası

İranlı generalın Türkiyə səfərinin pərdəarxası

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
358 0

Yaxın Şərqdə cərəyan edən olaylar Türkiyə və İran arasında təbii müttəfiqliyi şərtləndirir, kürd məsələsi Ankara və Tehran üçün ciddi başağrısına çevrilməkdədir

İran ordusu baş qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri avqustun 15-də Türkiyəyə səfər edəcək. Səfər Türkiyə baş qərargah rəisi, ordu generalı Hulusi Akarın dəvəti ilə baş tutur. İran tərəfi hərbi və siyasi heyətlə Ankaraya gələcək.
İRNA-nın xəbərinə görə, səfər 3 gün davam edəcək və heyətlər arasında müzakirələr keçiriləcək. O cümlədən hərbi və siyasi rəhbərliklə danışıqlar aparılacaq. Xəbərdə səfər zamanı “terrorla mübarizə, regional proseslər, müdafiə sahəsində əməkdaşlıq və sərhəd mühafizəsində əməkdaşlıq” kimi məsələlər ələ alınacaq.

Qeyd edək ki, İran ordusu baş qərargah rəisinin səfəri həm iki ölkə münasibətlərində hərbi sahədə olan problemlər, həm də Suriya mövzusu ilə əlaqədardır. Qeyd edək ki, Suriya mövzusu ilə əlaqədar olaraq hələ Mahmud Əhmədinejad zamanında iki ölkə münasibətləri ciddi şəkildə soyudu. Türkiyə məhz Suriyada və İraqdakı anlaşmazlıqlar səbəbilə İranla yollarını ciddi şəkildə ayırdı, hətta İran əleyhinə ərəb koalisiyasında yer aldı. Yalınız ötən il Suriyada hərbi-siyasi vəziyyət dəyişdikdən sonra münasibətlər yumşalmağa başladı. Suriyanın şimalında kürdlərin güclənməsi və muxtariyyət tələbləri irəli sürməsi, üstəlik ABŞ tərəfindən dəstəklənmələri Ankaranı narahat etməyə başladı. Türkiyə Suriyanın ərazi bütövlüyünün ciddi problemə, yəni əslində Türkiyə dövlətinin ərazi bütövlüyünü təhdid edən faktora çevrilməsindən narahatlıq keçirməyə başladı. Məhz Suriyanın ərazi bütövlüyü, ya da başqa adla kürd muxtariyyəti amili daha çox region ölkələrini, yəni Türkiyə, İran, İraq və Suriyanı narahat edir. ABŞ, Rusiya kimi böyük dövlətlər isə bu məsələdə nəinki narahat deyil, əksinə, bəzən açıq, bəzən isə gizli şəkildə kürdləri dəstəkləyir. Mən kürd amili son bir ildə Ankara və Tehranı müəyyən mənada yaxınlaşdırıb.

Ancaq bu yaxınlaşma Suriya münaqişəsinə ümumi yanaşmaya təsir etməyib, yəni Suriyanın gələcək taleyi, oradakı qüvvələrlə bağlı Ankara və Tehran arasında hələ də ciddi fikir ayrılıqları qalır. 2016-cı il 15 iyul qiyam cəhdindən sonra Tehran və Ankara arasında mülayimləşməyə müsbət təsir etsə də, sonradan Hələb şəhərinin Suriya hökumət qüvvələri tərəfindən üsyançılardan təmizlənməsi Ankara və Tehranın arasını necə deyərlər, pozdu. Çünki Türkiyə hakimiyyəti Hələbin məhz İran dəstəkli qüvvələr tərəfindən geri alındığını iddia edirdi.

Image result for Bagiri Türkiye İranlı general

Və nəhayət, bu ilin yayında ərəb ölkələri və Qətər arasında siyasi böhran Dohanı dəstəkləyən Türkiyə ilə Tehranı yenidən bir-birinə yaxınlaşdırdı. Ancaq hazırda iki ölkə arasında sərhəd mühafizəsi ilə bağlı anlaşmazlıqlar var. Türkiyə şərq vilayətlərində İranla sərhəddə minaları təmizləməyə başlayıb, ancaq bundan bir neçə ay sonra İran hökuməti sərhədin bəzi hissələrində divar hörülməsinə başlayıb. Bu iki hərəkətin bir-biri ilə nə qədər bağlantılı olduğu məlum olmasa da, son dövrlərdə İranda məhz sərhəd bölgələrdə kürd separatçı silahlılarının İran ordu qüvvələrinə hücumlarının sayı hiss olunacaq qədər artıb. İran ordu qərargahı rəisinin Ankara səfərində əsas mövzulardan birinin sərhəd məsələsi olması da bununla bağlıdır. Çünki İran hökuməti Suriya və İraqdan sonra kürd separatizminin İranın daxilində fəallaşması və ölkədə yeni daxili münaqişəyə səbəb olacağından narahatdır. Çünki İranın ərəb rəqibləri, xüsusən də Səudiyyə Ərəbistanı rəhbərliyi Tehranı zəiflətmək və ərəb coğrafiyasında sıxışdırmaq üçün daxili münaqişə yaradılmasını, “başının özünə qarışmalı” olduğunu açıq şəkildə bir neçə dəfə bəyan edib. Hazırda İran rəhbərliyini narahat edən əsas daxili faktor kürdlərdir. Çünki ərəb əhalinin sayı azdır, İraqdakı sərhədləri isə şiə bölgəsi ilə bağlıdır. Pakistan sərhədi bölgəsində də ciddi daxili münaqişə yaranması ehtimalı azdır. Ən ciddi təhlükə şimali İraq və Türkiyə ilə sərhəd bölgələrdəki kürdlərdir. Çünki kürdlərin separatçı təşkilatları mövcuddur, daha əvvəl “təcrübələri” olub. İndi İran rəhbərliyinə sərhədləri daha yaxşı qorumaq üçün Türkiyə ilə məsləhətləşmə və koordinasiya qurmağa ehtiyacı var.

Böyük ehtimalla iranlı generalın səfəri zamanı həm sərhədlərin mühafizəsinin güclənməsi mövzusu ilə yanaşı Suriyadakı yeni situasiyadır. Çünki son olaraq Suriyada atəşkəs bölgələrinin yaradılması və terror təşkilatlarına qarşı mübarizə məsələsi İran və Türkiyəni “saatları tutuşdurmağa” vadar edir. Çünki əldə olunmuş razılaşmaya əsasən atəşkəs bölgələri istisna olmaqla yerdə qalan bölgələrdə, o cümlədən terror təşkilatı hesab olunan qüvvələrə qarşı əməliyyatlar başlamalıdır. Bu xüsusda Türkiyənin ikinci Suriya əməliyyatına hazırlaşdığı xəbərləri gəlir. Ancaq maraqlıdır ki, bu gün Afrikada Burkino Fasoda radikal “cihadçılar” paytaxtda türk restoranına hücum edib, nəticədə 18 nəfər ölüb, onlarla insan yaralanıb. Bu hadisə Türkiyəyə Yaxın Şərqdəki hərbi-siyasi fəaliyyətinə qarşı hərəkət kimi qiymətləndirmək olar.

Yaxın Şərqdə cərəyan edən proseslər ildən ilə daha da həssas və mürəkkəbləşir. Kürd amilinin qabarması bölgənin kürdlər yaşayan 4 ölkəsini – Türkiyə, İran, İraq və Suriyanı – narahat edir. İraq və Suriyanın necə deyərlər sıradan çıxarıldığını nəzərə alsaq, indi ortada narahat olmalı iki dövləti var – Türkiyə və İran. Proseslər bu iki ölkəni istər-istəməz yaxınlaşdırır.


Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir