KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Mərkəzi Asiyada su müharibəsi – və xilafət təhlükəsi

Mərkəzi Asiyada su müharibəsi – və xilafət təhlükəsi

Hasan Oktay Hasan Oktay - - 11 dk okuma süresi
461 0

“İslam Kərimovun ölümü məsələsi bir qədər zaman alacaq. Hətta özbək lider vəfat etsə də, siyasi hakimiyyəti möhkəmləndirmədən bunu rəsmi şəkildə açıqlamayacaqlar”.

İslam Kərimovdan sonra Özbəkistanın taleyinin necə olacağı gündəmin əsas mövzusudur. Artıq onun yerinə gələcək namizədlər müzakirə olunur. Lakin Kərimovun həyata vida etməsi ilə Mərkəzi Asiyanın siyasi xəritəsində nələrin dəyişə biləcəyi də maraqlı məsələdir. Çünki ekspertlər İslam Kərimovun Özbəkistanda dini ekstremistləri sıradan çıxarmaqla, bütövlükdə Mərkəzi Asiyanın təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığını düşünürlər.

Bununla yanaşı, İslam Kərimov türkdilli ölkələrlə əlaqələrin əleyhdarı kimi çıxış etməsi ilə də yada qalıb. Onu əvəzləyəcək yeni şəxsin türkdilli ölkələrlə münasibətləri necə quracağı da əsas məqamlardan biridir.

Admiral.Az Özbəkistanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini, həmçinin, Kərimovdan sonra regionda baş verəcək dəyişiklikləri araşdırıb.

Su resurları uğrunda mübarizədən doğan düşmənçilik

Özbəkistan Mərkəzi Asiyanın özünəməxsus ölkəsidir. Xüsusilə Daşkənd ziddiyyətli siyasəti ilə seçilir. Kənd təsərrüfatı üzrə ixtisaslaşan Özbəkistan qonşu Tacikistan və Qırğızıstanla su resursları üzrə münaqişədədir. Türkmənistan və Qazaxıstan da su resursları uğrunda aparılan mübarizədə iştirak edirlər.

Misal üçün, ötən ilin əvvəlində Özbəkistan və Tacikistan müharibə həddinə çatdı. Lakin son nəticədə hərbi qarşıdurma baş vermədi.Bu ilin mart ayında isə Özbəkistan və Qırğızıstanın münasibətləri eyni məsələyə görə hərbi qarşıdurma səviyyəsinə yüksəldi. Bu problemin kökü SSRİ-yə qədər gedib çıxır. Belə ki, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə Qırğızıstanın 660 hektarlıq ərazisi su hövzəsinin yaradılması üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Lakin SSRİ dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəkistan isə əraziləri qaytarmaq niyyətində deyil. Torpaq Qırğızıstanın, su infrastrukturu isə Özbəkistanındır. Tərəflərin su mübarizəsi müharibə həddinə çatmasa da, qarşıdurmanın davam etdiyi müşahidə olunur. Təsadüfi deyil ki, Özbəkistan və Qırğızıstan hazırda soyuq münasibətlərə malikdir.

Su problemi ümumiyyətlə Mərkəzi Asiya ölkələrinin ümumi mübahisə mövzusudur. Çünki regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik təsərrüfatını nəzərə almadan hidro qurğular tikir. Qırğızıstan qış aylarında elektrik stansiyalarının məhsuldar işləməsi üçün suyu çaylara buraxır. Bu isə Özbəkistan və Qazaxıstan torpaqlarının su altında qalmasına səbəb olur. Bununla yanaşı, yaz-yay aylarında Özbəkistan, Türkmənistan və Qazaxıstan əkin sahələrini suvarmağa su tapmır. Bu iqtisadi məsələ nəticəsində siyasi münasibətlər də gərginləşir.

Kərimovdan sonra onun yerinə gələcək şəxsin qarşısında bu məsələ ən böyük problemlərdən biridir. Ekspertlər hesab edir ki, Kərimovdan sonra su resursları ilə bağlı problem əslində ciddi münaqişə mərhələsinə keçə bilər.

Tacik politoloqu Parviz Mullodjanov “Fərqanə” agentliyinə müsahibəsində bildirib ki, su resursları ilə bağlı problemin həlli çətin görünür:

“Çünki Özbəkistan ciddi su böhranı ilə üz-üzədir. Ölkə əhalisinin sayı son 20 ildə xeyli artıb, təlabat da çoxalır. Əslində su probleminin həlli təkcə Özbəkistan üçün deyil, ümumilikdə Mərkəzi Asiya regionu üçün vacibdir. Lakin hökumətlər buna hazır deyillər. Ona görə hesab edirəm ki, Kərimovdan sonra da su resursları uğrunda münaqişələr böyüyəcək”.

Türkdilli ölkələrlə buzlar əriyəcəkmi?

Əslində Özbəkistanın türkdilli ölkələrlə münasibətlərdə məsafə saxlamasının səbəblərindən biri kimi məhz 20 ildir davam edən su münaqişəsi olduğu da hesab olunur. Lakin burada İslam Kərimovun ziddiyətli siyasəti də əsas faktorlardan biri olub. Bundan sonra Özbəkistanın türk dünyasına “qaynayıb-qarışacağı” ilə bağlı məsələ suallar yaradır.

Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri də hesab edir ki, ümumiyyətlə İslam Kərimovun xarici siyasəti ziddiyyətli olub.

Admiral.Az-a açıqlamasında politoloq Özbəkistanın xarici siyasətində stabil kursun olmadığını bildirib:

“Azərbaycanın da daxil olduğu GUAM təşkilatının da bu ölkə vaxtilə üzvü olub. Özbəkistan əvvəl bu təşkilata daxil oldu, lakin sonradan ayrıldı. Bununla yanaşı, Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da bərabərhüquqlu üzvlərindən idi, sonra oradan da çıxdı. Həmçinin, türkdilli ölkələrin müxtəlif birliklərində də Özbəkistan yer alıb. Lakin müxtəlif zamanlarda oranı da tərk edib. Bu baxımdan, bu ölkənin xarici siyasət davranışları ziddiyyətlidir. Özbəkistanın xarici siyasətində bundan sonra dəyişikliyin olacağı da çətin görünür. Hesab edirəm ki, İslam Kərimovun balans siyasəti davam edəcək, həm Rusiyanın, həm də Qərbin maraqları nəzərə alınacaq”.

N. Miri gələcəkdə Özbəkistanın türkdilli ölkələrlə yaxınlaşmasını istisna etmir:

“Ola bilsin ki, hakimiyyətə gələn şəxs gələcəyə hesablanan real siyasət yürütsün. Çünki bu ölkənin türkdilli ölkələrlə münasibətləri strateji maraqlara əsaslanır. Həm iqtisadi, həm siyasi, həm də hərbi təhlükəsizlik üçün türkdilli ölkələrlə münasibətlər vacibdir. Əgər bu xətdən imtina olunacaqsa, Özbəkistan yenə də təklənmiş vəziyyətdə qalacaq. Bu da onun strateji maraqlarına ziddir. Xüsusilə indiki gərgin ictimai-siyasi mühit fonunda Türkiyə, Azərbaycan, eləcə də Mərkəzi Asiyadakı digər türkdilli ölkələrlə münasibətlər vacibdir”.

Admiral.Az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nizami Cəfərsoy da yaxın dövrdə Özbəkistanın xarici siyasətində dəyişikliklərin olmayacağını deyib:

“Kərimovun yerinə gələcək namizədin həm Türkiyə, həm də Qərb ilə əməkdaşlığına daha açıq olacağını təxmin edirəm. Həmçinin, regional mənada türk faktoru və Avrasiya İttifaqı ilə münasibətlərdə müəyyən irəliləyişlər gündəmə gələcəkdir. Qısa zamanda Avrasiya İqtisadi İttifaqına üzvlük gözləmirəm. Amma yeni özbək lideri Rusiyanı qarşısına almaq istəməyəcək, bu istiqamətdə yumşaq mesajlar verərək, həmlələr edəcək. Rusiyaya qarşı da türk faktoru balans üçün istifadə oluna bilər. Bu çərçivədə Türkiyə ilə münasibətlər keçmişə nisbətən yaxşılaşa bilər”.

N. Cəfərsoy hesab edir ki, Türkiyə, Qazaxıstan və Azərbaycan bu prosesdə Özbəkistanla münasibətlərini yeni və daha yaxşı bir nöqtəyə çatdırmaq üçün təşəbbüs göstərməlidir.

“Bu çərçivədə ilk fürsətdə Özbəkistana səfərlər və özbək rəhbərlərini ölkələrinə dəvət etmək şansını əldən verməməlidirlər”.

Natiq Miri isə hesab edir ki, hər şey hakimiyyətə gələcək gücün necə olmasından asılı olacaq:

“Hesab edirəm ki, ilk növbədə İslam Kərimovun ölümü məsələsi bir qədər zaman alacaq. Hətta özbək lider vəfat etsə də, siyasi hakimiyyəti möhkəmləndirmədən bunu rəsmi şəkildə açıqlamayacaqlar. Bu ölkədə hansı klanın hakimiyyətə gəlməsi isə birmənalı deyil. Kərimovun qızlarından hansınınsa varis olması çətindir. Ola bilsin ki, klanların ümumi razılığı əsasında yeni hakimiyyət qurulsun. Çünki hakimiyyət daxilində həm Rusiya, həm də Qərbin maraqlarını qoruyan güclər var. Bu iki cəbhənin birləşməsi ilə yeni model tətbiq oluna bilər. Əgər birtərəfli güc hakimiyyətə gələrsə, bu, Özbəkistanda kataklizimlərlə səbəb ola bilər”.

Baş nazir Şövkət Mirziyoyevin şanslarının yüksək olmasına gəlincə, politoloq burada bəzi faktorların nəzərə alınmasını vacib hesab edir.

“Şövkət Mirziyoyevin hakimiyyətə gəlməsi realdır. Amma bu şəxsin region dövlətləri, eləcə də Rusiya, ABŞ, Avropa Birliyi, Çin, Hindistan kimi ölkələr tərəfindən qəbul edilməsi də həlledici məqamdır”.

Mərkəzi Asiya üçün xilafət təhlükəsi

Özbəkistanın qarşısında duran əsas problemlərdən biri də esktremist qruplardır. Ölkənin Əfqanıstanla sərhəddə yerləşməsi bu təhlükəni həmişə gündəmdə saxlayıb. Ekspertlərə görə, indiyə qədər islamçı radikalların qarşısını məhz İslam Kərimovun sərt siyasəti alıb. Nəticədə radikal islamçılar Mərkəzi Asiyada möhkəmlənə bilməyiblər. Kərimovdan sonrakı dövrdə isə radikal islamçılar bütün region üçün ciddi təhlükəyə çevrilə bilər.

Tacik politoloqu Parviz Mullodjanov qeyd edir ki, Kərimovdan sonra Özbəkistanda radikalların aktivləşməsi gözləniləndir:

Onun sözlərinə görə, “Özbəkistan İslam Hərəkatı”, “Hizbut-Tahrir”, İŞİD kimi qruplaşmalar Mərkəzi Asiyada xilafətin qurulmasını məhz Özbəkistandan başlamağı planlaşdırıblar:

“Yeni hakimiyyət bu məsələyə xüsusi diqqət yetirməlidir. Hesab edirəm ki, Kərimovun sərt siyasəti davam edəcək və radikallara imkan verilməyəcək”.

Gülnar Babazadə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir