KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Ermenistan
  4. »
  5. Müsəlman iranlıların xristian erməni sevdası

Müsəlman iranlıların xristian erməni sevdası

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
390 0

İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri başladı. Sonra Qazaxıstan və Qırğızıstana da gedəcək, sadəcə, bismillahı özlərinə qardaş hesab etdikləri bu ölkədən başlayıblar. Deyilənə görə, Ruhani ermənistanlı həmkarı Serj Sarkisyanla çox şeydən danışıb, bəzi razılaşmalar da imzalanıb. Yəni iki ölkə arasında münasibətlər inkişaf edərək indikindən də üstün vəziyyətə gətirilməlidir. Bu, Tehranla İrəvanın ortaq fikridir. “Dostumun dostu, düşmənimin düşməni” prinsipinə əsaslanan bu ikili münasibətlər Ermənistan parlamentinin xarici əlaqələr Komissiyasının sədri Artak Zaxaryanın dili ilə desək, bölgəyə və dünyaya örnək sayıla bilər.

Yeri gəlmişkən, Zaxaryanın fikrincə, Ermənistanın ən yaxın müttəfiqi Avropa və ya Rusiya deyil, məhz İrandır…
Zaxaryan deyir ki, bu gün Ermənistanın bütün sahələrində infrastruktur sökülüb-dağılır. Amma vəsait yoxdur deyə, yeniləyə bilmirlər. Bu mənada İranla əməkdaşlıq Ermənistanı müasirləşmiş, inkişaf etmiş dövlət olaraq dünyaya təqdim edəcək. Onun sözlərinə inansaq, rəsmi Tehran Ermənistanın güclü iqtisadiyyata malik ölkə olmasına çalışdığını dəfələrlə bəyanlayıb. Bugünki səfər isə məhz həmin bəyanatların sözdən əmələ keçməsinə isbatdır.
Bu arada qeyd edək ki, İranın Ermənistanda reallaşdırmaqda olduğu və ya sərmayə yatırmaq istədiyi çox sayda, həm də böyük layihələr mövcuddur. Bunlardan biri Ermənistan İqtisadi İnkişaf və Sərmayə Nazirliyinin rəsmi səhifəsində də qeyd edilmiş İran-Ermənistan dəmiryol layihəsidir. Əslində bu, ermənilərin xarici investorlara təklif elədiyi 30 layihə arasında ən böyüyü və öz təbirlərincə desək, mümkün gəlirlisidir. Təxminən 12 il əvvəl gündəmə gətirilən bu layihənin icrası nəticəsində iki dost ölkə bir-briinə bağlanmış olacaq. İlkin hesablamaya əsasən 3,2 milyard dollar xərci olacaq. Amma maraqlıdır ki, 12 il əvvəl gündəmə atılan, 8 il öncə Serj Sarkisyan tərəfindən yenidən xatırladılan bu layihə hələ də kağız üzərində qalır…
Bundan başqa, İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə Ermənistana iki ölkə sərhədində yerləşən Mehri rayonunda Azad İqtisadi Zona yaratmağı təklif edib. İranlı nazir erməni həmkarını başa salıb ki, bu yolla Ermənistanda həm işsizliyi azalda, həm də iqtisadi inkişafa nail ola və sonda ikitərəfli ticarətin həcmini artıra bilərlər. Əlbəttə, erməni nazir Aşot Manukyan təklifi göydə tutub, iranlı həmkarına cansağlığı diləyib. Amma bu söhbət də hələlik, həyata vəsiqə almayıb.
İranın enerji naziri Həmid Çitçiyan da prezident Ruhaninin İrəvana səfəri öncəsi hökumətlərarası iclasda bəyan eləmişdi ki, Sarkisyanın yaxın vaxtlarda Tehrana baş tutacaq səfəri Ermənistanla İran arasında enerji və iqtisadi əməkdaşlıq müstəvisində geniş fürsətlər yaradacaq. Çitçiyan bəzi ikili planlarını da açıqlayıb: 3-cü enerji nəqli xəttinin çəkilməsi, Şimal-Cənub avtomobil magistralının tikintisi, Bəsrə körfəzindən Qara dəniz sahillərinə boru xəttinin inşası və sair. Özü də bu layihələrin hər üçü İran və Ermənistan ərazisindən keçəcək – nə qardaş Türkiyəni, nə də Azərbaycanı görəcək.
Bu arada qeyd edim ki, 3-cü enerji xətti tikiləndən sonra İranla Ermənistan arasında elektrik transferinin gücü dörd dəfə artaraq 300 MW-dan 1200 MW-ya yüksələcək və bununla da Ermənistan əhalsiinin enerji ilə bağlı sıxıntıları dost İran dövlətinin sayəsində həllini tapacaq.
Bəs bütün bunlar niyə edilir, doğrudanmı Ermənistanla iqtisadi əlaqələr, xüsusilə də Ermənistanda həyata keçirilən və ya keçiriləcək layihələr İrana böyük gəlirlər gətirəcək? Əgər doğrudan da belə gəlirli və vacib layihələrdirsə, nə əcəb bu ölkənin ağası olan Rusiyanın, eləcə də Qərbdəki himayədarlarının diqqətini çəkmir? Yox, bunun nəyə görə edildiyini prezident Həsən Ruhani mediaya açıqlamasında özü deyib. Sitat: Ermənistanla əlaqələrin genişlənməsi İranın milli təhlükəsizliyini təmin edir. Bəs bu təhlükə hardandır, hansı ölkələrdəndir və Ermənistan nə kimi önləyici, İranın xeyrinə tədbirlər görə bilər? Yaxud İran şirkətləri yuxarıda adlarını qeyd elədiyim layihələri Azərbaycanda və ya Türkiyədə, lap elə Gürcüstanda həyata keçirsəydi milli təhlükəsizliyinə ziyan gələ bilərdimi? Maraqlı yanaşmadır və sırf siyasi məna daşıyır.
Olsun, hər bir ölkənin milli maraqları var və istədikləri ölkə ilə əlaqə qurmaqda da sərbəstdirlər. Amma sual yaranır ki, “İslamın keşiyində dayanan bir ölkə” nəyə görə Azərbaycanın timsalında müsəlmanların, özü də şiələrin qanını tökmüş və ya Türkiyə kimi böyük müsəlman ölkəsinə tarixən düşmənçilik edən Ermənistana bu qədər yaxındır – sevir, əzizləyir, yedirib-içirir, ruhlandırır? Bax, bir müsəlman olaraq bizi bu nüanslar düşündürür.
Ən pisi odur ki, İran rəsmiləri Ermənistanın cinayətkar rəhbərləri ilə görüşəndə ikitərəfli qardaş əlaqələri dünyaya və bölgəyə örnək göstərirlər. Maraqlıdır: başqasının torpağını işğal edin, 30-40 min insanını qətlə yetirən, minlərlə insanını əsir götürüb, öldü-qaldısından xəbər verməyən və hər zaman da qonşularına torpaq iddiası irəli sürən Ermənistanla münasibətlər necə örnək ola bilər? Axı bu cür cinayətkar rejimlər adətən beynəlxalq sanksiyalarla təcrid edilir, bu olmayanda isə ədalətli ölkələr onunla əlaqələrini kəsib, düzgün yola girməsi üçün təzyiq göstərir. İndiki proseslər isə əksini göstərir. Belə çıxır ki, İran şiə azərbaycanlıları öldürən, şiə torpaqlarını işğal edib, molla diliylə desək, murdar ayaqları altında tapdayan xaçpərəst erməniləri və onların rejimini açıq-aşkar dəstəkləyir.
Dəstəkləsin, görək axırı harda qurtaracaq. Amma biz – Azərbaycan dövləti olaraq tələbələri küçələrə çıxarıb, etiraz aksiyası keçirmirik, yüksək vəzifəli rəsmilərimizin simasında etiraz bəyanatları da səsləndirmirik. Uzaqbaşı, mənim kimi azad bir journalist subyektiv fikirlərini yazır. Çünki bunun hər bir ölkənin daxili işi olduğunu anlayışla qəbul edirik. Bizə gözləmək qalır. Necə deyərlər: Borclu borclunun sağlığını istəyər…

Vüsal Tağıbəyli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir