KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. OBAMANIN VƏ ELÇİBƏYİN KİTABLARI

OBAMANIN VƏ ELÇİBƏYİN KİTABLARI

Hasan Oktay Hasan Oktay - - 16 dk okuma süresi
420 0

OBAMANIN VƏ ELÇİBƏYİN KİTABLARI
mehmettalibli
Kitabı çeynəmədən udmaq sağlamlığa ziyandır. (Alman atalar sözü)

Kitab yazmaq və ya onu yaymaq düşüncələrini paylaşmaq anlamına gəlir. Oxuyursan və onu digərlərinə ona görə ötürürsən ki, başqaları üçün düşüncə materialını sistemləşdirməsinə yardımçı olasan. Oxumaq istənilən insanı dünyanın bu başından o başına, bir zamandan başqa zamana aparan xəyali vasitədir. Kim bu işdə bizə yardımçı olursa, bizə sanki dünyanı bəxş edir. Hətta dünyaya sahiblik edənlər belə özlərinin həmin hegomoniyası ilə yox, beynimizi və qəlbimizi fəth etməklə bizi özünün cazibə çevrəsinə alır. Bu vasitənin adı kitabdır! Əziz oxucum, bu proloq səbəbsiz deyil.
ABŞ prezidenti 2015-ci il üçün gəlir bəyannaməsini açıqlayıb. Məlum olub ki, ötən il ərzində Obama ailəsinin illik gəliri 436 min dollar olub. Bunun 81 min dollarını vergi formasında fiskal orqanlara ödəyib. 64 min dollarını isə xeyriyyə işlərinə sərf edib. Prezidentin hesabatında diqqətimi çəkən təkcə gəlir deklorasiyasının təqdim etməsi deyil. Heç onun xalqı qarşısında şəffaflığı və yüksək hesabatlılığı da deyil. Bu hesabatlılıq Amerika cəmiyyəti üçün yenilik sayılmır.Əksinə, bunun edilməməsi yenilik ola bilərdi. Diqqətimi çəkən məqam gəlirlərinin azalmasının əsas səbəbi kimi Obamanın yazdığı kitabının satışının azalması ilə bağlı olması idi. Təbəssüm edəcəksiz, bilirəm. Dünya iqtisadiyyatının dörddə birinə malik olan ölkə prezidentinin də gəlir mənbəyi bu qədər də “geniş” ola bilərmi?
Bu informasiyadan sonra isə mediada metropolitenin rəisi işləmiş Tağı Əhmədovun MTN-də idarə rəisinin ondan 3 milyon dollar alması haqqında xəbər oxuyuruq. Amma ondan bu qədər sərvətə necə sahib olması və bu müddətdə gəlir deklorasiyasını istəyən də olduğunu da görmədik. Başa düşdük, ayrı-ayrı cəmiyyətlərik. Fərqli dövlət quruluşlarımız var. Idarəetmə sistemimiz də fərqlidir. Birində bir prezidentin seçilmə müddəti üçün maksimum hədd iki dəfədir, digərində isə belə bir limit yoxdur. Demək, hesabat da olmayacaq. Bizdə nəinki hakimiyyət piramidasının başında oturanlar, hətta metropolitenə rəhbərlik etmiş kiçik bir məmur kitab yazmaz və ya yaza bilməz, hətta sonuncu dəfə nə zamansa hansı kitab oxuduğunu da xatırlaması çətin olar. Özü də həmin şəxsin adicə bir müsahibəsindən də bilmək olur ki, kitabın küləyi həmin insanı necə “rəndələyib”.

Tağı Əhmədov özündən yuxarılara uzaqbaşı Azərbaycansayağı haqq-hesab verə bilərdi, hesabat yox! Belə insanlar nahaq dünyada etdikləri ilə bağlı bəndəyə adicə hesabatını verə bilmir, Tanrıya bu cəmiyyət üçün etdikləri müqabilində necə hesabat verəcəyini düşünəndə bu isti yay günündə insanın qanı donur.
Elçibəyin prezident kimi 100 günlük hesabatı və kitab borcu
İdarəçiliklə bağlı Elçibəyi təndiq etmək olardı. Onun fikirləri ilə razılaşmamaq da istənilən insanın haqqıdır. Amma onun davranışları və düşüncəsi sanki insanın ən yaxınına sərgilədiyi münasibət idi. Hamının ondan hesabat istəməsi üçün səmimi dialoq mühiti formalaşdırırdı. İnsanlarla uzaq məsafə saxlayıb, onları heyrətləndirəcək taktikası və eqoizmi yox idi. Adicə bir işçinin ondan nəsə tələb etməsinə belə sıcaq yanaşardı. Tələbə olduğum illəri dəqiq xatırlayıram. Onda ölkə mediasında Elçibəyin prezidentlik fəaliyyəti ilə bağlı 100 günün hesabatı dərc olunmuşdu. Böyük bir SSRİ xarabalığından qalaqlanmış problemlərinin həlli üçün etdiklərini xalqına hesabatını verirdi. Başa düşürəm, bu fikirlərimi oxuyan 1994-cü il təvəllüdlü gənclər yazdıqlarımı hansısa kitablardan sitat gətirdiyimi zənn edəcəklər, yaxud bunu şirin nağıl adlandıracaq. Çünki, onlar gözlərini açandan arada bir gördükləri ölkələrinin baş nazirinin (A.Rəsizadə) nəinki hesabatını və danışığını, hətta üzünü nə vaxt televiziyada gördüyünü unudublar. On iiliklərdə hesabatdan kənar bir hökumətin fəaliyyətindən sonra Elçibəyin belə bir hesabat nümunəsi gerçəkdən nağıl kimi görünər. Amma doğrudan da 100 günlə bağlı Elçibəyin həmin hesabatın yazıldığı qəzetləri arxivimdə saxlayıram. Başa düşürəm ki, belə dolanbac ölkədə hətta faktaloji mənbəyə də inanmaq da çətindir. Amma inanmalıyıq, çünki görmüşük və yaşamışıq.
Barak Obamanın yazdığı kitabın satışından sonra eks-prezident Elçibəyin kitaba münasibəti ilə bağlı bir hadisə yadıma düşdü. Gerçəkdən maraqlı söhbətdir. Belə bir əhvalat olub. Vaxtı ilə prezident aparatında işləmiş Hacı Hacılı iqamətgahın foyesində həmin aparatın kitabxanasının rəhbər şəxslərindən biri ilə rastlaşır. Salam-kəlamdan sonra kitabxananın vəziyyəti ilə bağlı maraqlanmağa başlayıb. Kitabxanaçı bir az giley-güzar etməyə başlayıb ki, alınan kitabları işçilər geri qaytarmır. Kitabxana işçisi Hacıya müraciətlə deyib: ”Sən prezidenti (Elçibəyi nəzərdə tutur) tez-tez görürsən, ona zəhmət olmasa onun yadına salın ki, 2-3 ay bundan qabaq kitabxanadan götürdüyü kitabları oxuyubsa, qaytarsın. Çünki, deyilən zamanından daha çox vaxt keçib.” Təbii ki, prezidenti 100 günlük hesabat

verən və yerli jurnalistlərlə canlı brifinq keçirən ölkədə kitabxanaçı da prezidentdən verdiyi kitabın hesabın istəməlidir. Məmləkəti məmləkət edən şahlar deyil, şah qədər qüdrəti olan qanunlar və hamının isə ona tabe olmasıdır. Roma hüquq şüuru da belə yaranmışdı. Almaniyada kral Fridrixin adi dəyirmançı-sahibkara məhkəmədə uduzması da beləcə baş vermişdi. İndi təsəvvür edə bildiniz ki, bizim ölkədə necə hesabatlı və təndiqə açıq prezident olub?! Belə işıqlı insanlarla qürurlanmaq və qaranlıqda qalmamaq üçün hər zaman onların kitabların oxumağa doğrudan da dəyər.
Obamanın yazdığı kitabların satış gəliri və dəyəri
Obamanın kitab satışı ilə bağlı hesabatı onun yazdığı kitablari yenidən gözdən keçirməyimi diktə etdi. 2009-cu ildə onun yazdığı “Atamın arzuları”nı oxumuşdum. Amma “Ümidin cəsarəti”ni (2011) isə vaxt çatışmazlığından yarımçıq qoymuşdum. Onu bu həftə tamamladım. Kitabların oxunaqlı olması ilə bağlı bəzi fikirlərimi yazmaqda fayda olacağı qənaətdindəyəm. Görəsən sürətlə satılan və gəlir mənbəyi rolunda çıxış edən bu kitabların sehri nədədir? Bu daha çox müəllifin ictimai nüfuzu və ya prezident olması ilə bağlıdır, yoxsa fikir sahibi olması ilə? Fikrimcə, bunun cavabı əsərlər haqqında təəsuratın dəyərləndirməsi ilə bağlıdır. Ona görə, həmin kitablarla bağlı özümün təəsuratlarımı bölüşmək istədim.
“Atamın arzuları” ilkin nəşri 1995-ci ildə olub. Sadəcə Obama senator olandan sonra kitabın növbəti dəfə çap olunması ehtiyacı meydana çıxdı. Bunun daha vacib səbəb isə Obamanın “Harvard Qanun İcmalı”nda Afro-Amerikalı prezident seçilməsi mühüm rol oynadı. Ondan sonra nəşriyyatdan geniş fəaliyyəti ilə bağlı kitab yazmaq təklifi alır. Amma cəsarət etmirdi. Bu vəziyyətdə seçimlə bağlı daxili tərəddüdünü B.Obamanın özü belə qeyd edirdi: “Ümidim-gələcək arzularımın həyata keçməsindən ibarət idisə, ümidsizliyim-deməli olduğum, demək istədiyim bəzi şeyləri ifadə edə bilməmək qorxusu idi. Əsl həqiqət isə hər ikisinin ortasında idi. Ondan sonra naşirlik işini ləyaqətlə davam etdirməyə nail oldum.” Maraqlıdır ki, böyük bir tirajla satılmasına baxmayaraq müəllif kitabına 10 il keçəndən sonra belə yenidən baxmaq və bəzi təkmilləşdirmə işləri görməyi vacib bilir. Məzmunu saxlamaqla daha lakonik alınması üçün kitabı 50 səhifə azaltmağın mümkün olduğunu özü üçün dəqiqləşdirir. Obama hətta universitetdə hüquq təhsili alarkən hələ, kitab yazmaq fikri olmuşdu. Sonradan özü də etiraf edir ki, həmin kitabı tamam başqa məzmunda təsəvvür edirmiş. “Atamın arzuları” daha çox avtobioqrafik, memuar və ailə həyatı ilə bağlı zəngin informasiya verirsə, “ Ümidin cəsarəti” isə daha çox Amerikan arzusunun bərpası barədə zəngin bilgilər verir. Müəllifin kitabında daha çox respublikaçı və demokratların mübarizə səhnələri, ABŞ konsitutsiyası, siyasət, din, irq, dəyərlər sistemi və ABŞ-dan kənarda baş verən hadisələr haqqında baxışları yer alıb. Bu kitabda Obama daha çox strateji məsələlər barədə özünün müstəqil fikirləri populyarlıq qazanıb. Kitabda maraqlı olanlardan biri də mənim üçün bu oldu ki, hələ prezident seçilməmiş Obama zəngin Baffetin dəvəti ilə Omahaya gəlib vergi məsələləri ilə bağlı uzun-uzadı müzakirələr aparıb. İqtisadi transformasiya, sosial müdafiə mexanimzlərinin təkmilləşdirməsi, “Mülkiyyət hüququ cəmiyyəti” ideyası və s. haqqında özünün iqtisadi fikirləri ilə oxucuya konseptual yanaşmalarını təqdim edir. Həmin fikirlər yalançı qeydlər və taftalogiya deyil. Orijenal mülahizələr və düşüncə materialları ilə zəngindir.
Əgər biz amerikanın çox məşhur ekspertlərinin çoxsaylı əsərlərində əsasən dəmir praqmatizmin bəraət qazandırıcı üstünlüklərindən bəhs edildiyini görürüksə, Obamanın özünün əsərlərində həmin dünyagörüşün bəzən tənqidi ruhunu hiss edirik. Müxtəlif siyasi əsərlərdə fərqli motivlərlə dünya nizamı üçün Amerikan soyuqqanlılığını prioritet götürlməsinin alternativzsizliyi təqdir olunursa, Obama tamam başqa mövqedə olduğuna dair “Ümidin cəsarəti”də (“Bizim sərhədlərimizdən kənardakı dünya” bölümü) yazır: “Əgər biz analitiklərin “başqalarının ölümünə soyuqqanlı qaydada baxmağı öyrənməliyik” sözləri ilə aldadırıqsa, bu bizim üçün nəticəsiz keçməyəcəkdir. Nizamsızlıq nizamsızlıq yaradır. Başqalarına qarşı insafsızlıq öz aramızda da yayılmaq meylinə malikdir.” Doğrudur, bu mövzuda Bjezinskinin fikirləri ilə sinxronluq görməmək də mümkün deyil. Bjezinski bununla bağlı “Strateji baxış” (Z. Brzezinski:“Strategic vision”, 2012) əsərində yazır: “Həll olunmayan daxili və uzadılan xarici problemlər cəmiyyəti tədricən mənəvi düşkünlük halına sala-sala, sosial prestiji sarsıda-sarsıda və dünyanın etibar kreditini ixtisar edə-edə Amerikanın bütün şirəsini sıxıb çıxaracaqdır.” Əslində Bjezinski də ABŞ-ın astagəlliyinin yaxın zamanlarda antiamerikan ovqatının güclənməsi üçün əsas olacağının anonsuna verir. Biliik ki, son illər yaxın Şərqdə və MBD coğrasiyasında antiamerikan övqatının güclü olmasını əsas gətirib 2 dəfə prezident olmuş bir şəxsin bu fikirlərinə inamsız yanaşacaqlar. Çünki, hazırkı münasibətlər sistemində həmin fikirlərin hakim gücə çevrilmədiyini əsas gətirib Amerikanı ittiham edəcəklər. Gerçəkdən bunun üçün əsaslarda var. Amma nəzərə almalıyıq ki, ABŞ-da prezidentlərin hakim iradəyə malik olması və aparıcı tendensiya yaratması sadəcə mümkün deyildir. Çünki, bir şəxsin iradəsi hesabına formalaşan gücü mövcud anqlosakson sistemi mümkünsüz edir. “Amerikan arzusu”nun yol xəritəsi bütün idarəetmə sisteminin birgə hərəkəti
formasında vahid platformaya alır. Ona görə kitabda qeyd olunan bir şəxsin düşüncə məhsulunun həyata keçməməsini müəllifin vədinə xilaf çıxmaması və fikirlərində səmimi olmaması ilə bağlamaq doğru olmazdı.
Fikrimcə, Obamanın əsərlərində olan dərk olunan xeyli sayda olan həqiqətlər onu oxunaqlı edən əsas amildir. Bir prezidentin ağır zəhmətdən və savaşdan sonra qürurverici yaşantılarını əsərlərindən görmək olur. “Paraşutla” prezident taxtına sahib olmayıb. İrqi ayrıseçkiliyi məruz qalıb. Ağır zəhmət hesabına həyat yolu keçib. Yaşadıqca düşünüb, düşündükcə qələmə alıb, qələmə aldıqca şöhrət qazanıb. Şöhrət qazandıqca daha çox oxunub. Oxunduqca isə düşüncə məhsullarından daha çox gəlir əldə edib. Beləliklə, təkcə statusu yox, fikirləri pul qazanmağa və dəyər almağa başlayıb. Prezident olmaq bütün vəzifələrin ali üst qatı hesab olunur. Şöhrət və fikir sahibi olub çox oxunmaq üçün əsas keyfiyyət istedaddır. Bu mənada istedad vəzifəyə üstün gələndə seçilirsən və fikir sahibinə çevrilirsən. Məhz buna görədir ki, bütün dəyərli fikirlərinə görə, Obamanın qələmə aldığı “Ümidin cəsarəti” kitabını “Nyu-York Tayms” qəzeti bir nömrəli bestsellər elan etmişdi.
Yazıda adı çəkilən hər bir şəxsin adını kitabla bir cür assosasiya olunduğu qənaətinə gəlirik: B.Obamanın kitabının satışından gəlirinin azalması, Elçibəydən götürdüyü kitabın vaxtında qaytarmaması və Tağı Əhmədovun kitab oxumaması. Hərəsini kitabla bağlayan bəlli həqiqət budur!
Məhəmməd Talıblı

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir