Vizyon

Mesut Barzani’nin engellediği hain plan nedir?

Kökteş Sözler İzinden Totemik Türk Dilinin Kökenleri: “Ata” Sözcüğü Örneği

Экспорт природного газа из Казахстана в Китай

Barzani Kaybetti Mi?

Prezidentlər Nyu-Yorkda görüşəcəklərmi və Zəngəzurun taleyi İrəvanı niyə qorxudur

Azerbaycan, Ermenistan, Gündem 15 Ağustos 2017
56

Hər il olduğu kimi sentyabr ayında BMT Baş Assambleyasının açılış sessiyası olacaq. Bu sessiyaya adətən bir qrup ölkənin prezienti və xarici işlər nazirləri qatılır. Azərbaycan və Ermənistan prezidentləri də müxtəlif vaxtlarda BMT sessiyalarında iştirak ediblər. Məsələn Azərbaycan BMT Baş Assambleyasının qeyri-qaimi üzvlüyünə seçildikdən sonra prezident İlham Əliyev ilk iclasda iştirak etmişdi.

Hazırda belə xəbərlər yayılır ki, sentyabr sessiyasında Azərbaycan və Ermənistan prezidentləri Nyu-Yorkda görüşüb Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı fikir mübadiləsi apara bilərlər. Bu xəbərlərin böyük qismini erməni saytları yayır. ATƏT-in Minsk Qrupu vasitəçiləri də prezidentlərin Nyu Yorkda görüşə biləcəklərini istisna etmirlər.

İndiki vəziyyətdə prezidentlərin bir aydan sonra Nyu-Yorkda görüşəcəyi real deyil. Dağlıq Qarabağ danışıqlarında heç bir irəriləyiş yoxdur. Prezidentlərin son görüşü də digərləri kimi nəticəsiz qaldı. Bu arada, atəşkəs intensiv pozulur, hər iki tərəfdən itkilər var. Üstəlik Ermənistan ordusu Dağlıq Qarabağdan kənar Azərbaycan ərazilərini atəşə tutur.

Görüş xatirinə görüş Ermənistan hakimiyyətinə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsın, ona görə də “prezidentlər görüşəcək” dezinformasiyaları daha çox İrəvanın nəzarət etdiyi saytlarda yayılır.

Azərbaycana bu cür görüş imitasiyası lazım deyil, deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yox. 10 il də danışıqlar davam etsə münaqişənin həllində heç nə dəyişməyəcək. Ona görə də rəsmi Bakı işğalçıya təzyiqə üstünlük verir. Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü mümkündür. Əslində nazirlərin görüşü Azərbaycana lazım deyil. Hazırki vəziyyət rəsmi Bakının İrəvana ultimatum verməsi zərurətini artırır. Ultimatumun təxmini məzmunu bu şəkildə ola bilər: “Mərhələli həll” planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər Sizinlə bütün rəsmi danışıqları dayandırırıq.

Bu arada, Azərbaycan mediasında Ermənistan hakimiyyətinin Qərbə meyl etməsi barədə yazılar yayınlanır. Bu onunla izah edilir ki, NATO-nun Gürcüstanda keçirdiyi son hərbi təlimlərdə Ermənistan da iştirak edib. Halbuki, həmin təlimlərə Azərbaycan qatılmayıb.

Ermənistan hakimiyyəti heç bir balans siyasət aparmır. Ermənistan Rusiyadan tamamən asılıdır. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya qoşunları qoruyur, Ermənistanda Rusiyanın hərbi bazaları və birgə qoşun birliklər mövcuddur. Ermənistan silah almaq üçün daima Rusiyadan maliyyə istəyir. Ermənistanın əsas fabrik və zavodları da Rusiyanın nəzarəti altındadır. Belə olan halda İrəvanın hansı balanslı siyasətindən danışmaq mümkün deyil. Ermənistanın NATO-nun ikinci və üçüncü dərəcəli təlimlərdə iştirakı İrəvanın balanslı siyasət aparmasına dəlalət etmir. Rusiyanın icazəsi olmadan İrəvan Qərblə yaxınlaşmağa cəsarət etməz. Rusiya bu təlimlərdə özü üçün təhlükə görmədiyindən Ermənistanın az saylı kontengentlə iştirakına icazə verib. Yox əgər bir gün Ermənistan prezidenti Serj Sərkisyan qərar versə ki, Qərb Rusiya qədər onun üçün dəyərlidir, o həmin gündən başlayaraq hakimiyyətinin itirilməsiylə barışmalıdır. 1999-cu ildə Ermənistan parlamentinin spikeri, baş naziri fərqli siyasət aparmaq istədilər. Həmin il Ermənistan parlamentinə hücum edildi, həm spiker, həm də baş nazir qətlə yetirildilər.

“Rusiya-Ermənistan münasibətləri gərginləşərsə, bu Azərbaycanın xeyrinə olacaq” fikirləri də illüziyadan başqa bir şey deyil. Ermənistanın Rusiyanın asılığından qurtulması problematikdir. Azərbaycan Rusiya üçün dəyərli tərəfdaşdır, tək elə hərbi əməkdaşlıqdan Rusiya milyardlarla dollar qazanır. Rusiya Ermənistanla əməkdaşlıqdan qazanc əldə etmir, əksinə vassalına daima pul xərcləmək durumundadır. Yəni məntiqlə Moskva əldə etdiyi gəlir və səmərəyə görə Azərbaycanla əməkdaşlığa üstünlük verməli və Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Ancaq Rusiya hakimiyyəti nə zaman məsələlərə məntiqlə yanaşdı ki? Məntiq olsaydı, Gürcüstan və Ukraynanı parçalamaz, qonşularının ərazilərini işğal etməz, separatçılara dəstək verməz və bununla sivil dünya ilə üz-üzə qalmazdı. Odur ki, Moskvadan məntiq gözləyib onun Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşacağı çətindir.

Ermənistan mətbuatında Azərbaycanın Zəngəzura hücum edəcəyinə dair də yazılar yayınlanır. Ermənistan ordusu hazırda Azərbaycana sərhədboyu rayonlarda problemlər yaradır. Tovuz və Qazaxın Qarabağa aidiyyatı yoxdur. Ancaq bu bölgələr də atəşə tutulur. Halbuki, Ermənistan hakimiyyətinə məlumdur ki, Azərbaycan ordusunun məqsədi Dağlıq Qarabağ və ətraf rayonların azad etməkdir.

Buna baxmayaraq, Azərbaycanın strategiyası dəyişə də bilər. Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq Zəngəzurun və İrəvan xanlığının Azərbaycana mənsubiyyətindən danışır və buna görə də erməni təhlilçilər deyirlər ki, Azərbaycanın Ermənistan torpaqlarında, o cümlədən Zəngəzurda gözü var. Ermənistan hakimiyyəti Naxçıvandan da arxayın deyil. Son illər Naxçıvandakı hərbi hissələr gücləndirilir, Türkiyənin bu bölgədə hərbi varlığının artırılması haqqında fikirlər genişlənir. Ona görə də genişmiqyaslı müharibənn başlayacağı halında bunun yalnız Dağlıq Qarabağı və ətraf rayonları əhatə etməyəcəyi, bütün sərhədboyu, o cümlədən Zəngəzur və Naxçıvanı da əhatə edə biləci istisna deyil. Azərbaycan ordusu Naxçıvan istiqamətində Ermənistana ciddi problemlər yarada bilər. Belə olan halda Ermənistan ordusu bütün növ qoşun birliklərini yalnız Dağlıq Qarabağ istiqamətində cəmləşdirməkdə çətinlik çəkəcək. Erməni separatçıları vaxtilə Laçını ona görə işğal etdilər ki, Dağlıq Qarabağla Ermənistan arasında koridora nəzarət etsinlər. Indi də danışıqlarda bu koridoru nəzarətdə saxlayacaqlarına dair hamıdan təminat istəyirlər. Buna cavab olaraq Azərbaycan ordusunun Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasındakı koridoru nəzarətə götürməsi aktuallaşır.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

Yorumlar