Sinan Çuluk; “Mir’at-i Hakikat”ten TÜRKLERİN MİLLİ OYUNLARINA NE OLMUŞTU

İran Irak ve Suriyede bombalama yapacak

Serj Sərkisyanın kadr dəyişiklikləri nəyə hesablanıb?

Putin Qarabağ problemini həll etmək istəyirmi?

“Putinin NATO-su”nda Azərbaycana qarşı “sərhəd tələsi”

Azerbaycan 30 Aralık 2016
110

Aprel döyüşlərindən sonra Ermənistan və Azərbaycan sərhədində yeni həyəcanlı toqquşmalar yaşandı. Hansı ki, bunu 8 ay sonra ilk açıq döyüş adlandırmaq olar. Erməni diversiya qruplarının Çinari kəndi yaxınlığında hücumu Azərbaycan Ordusu tərəfindən dəf edildi. Pusquya düşən düşmən tərəfi böyük itki verərək, geri çəkildi. Azərbaycan Ordusunun bir əsgəri itkin düşdü. Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmalar zaman-zaman yaşanır. Sərhəddə baş verənlər də onlardan biri hesab oluna bilər, lakin diqqət çəkən nüanslar fonunda təxribatın sıradan olmadığını, Azərbaycana qarşı böyük tələ qurulduğunu deməyə əsas verir.

Nə baş verir?: Ermənistan tərəfi iddia edir ki, hücuma Azərbaycan Ordusu keçib. Bu, informasiya savaşı kontekstində həmişə adət etdiyimiz nüanslardan biri hesab oluna bilərdi. Lakin hadisənin baş verdiyi ərazi diqqətdən yayınmır.

Hər şey, elə böyük tələ də bu iddianın özündə gizlənir: Toqquşma təmas xəttində yox, Azərbaycan-Ermənistan sərhədində baş verib. Bu, Dağlıq Qarabağ zonasında yaşansaydı, bəlkə də inandırıcı ola bilərdi. Xüsusilə Azərbaycanın öz ərazilərində anti-terror əməliyyatları keçirmək hüququ baxımından anlaşılandır. Lakin Azərbaycan Ordusunun Ermənistan sərhədini keçərək, əməliyyat keçirmək nəyinə lazımdır?! Axı bu, avtomatik olaraq rəsmi Bakını başqa ölkənin ərazisinə müdaxilə etmək vəziyyətinə sala və beynəlxalq hüququn açıq hədəfinə çevirə bilər. Rəsmi İrəvan bu iddiası ilə əslində özünü ifşa etdi və dolayısı ilə təsdiqlədi: Diversiya Ermənistan tərəfindən olub.

İlin sonuna iki gün qalmış Ermənistan niyə təxribata əl atdı? Hücum Dağlıq Qarabağ zonasından yox, niyə məhz iki ölkənin sərhədlərində baş verdi? Hədəf nədir?

Məsələ yalnız erməni hərbi birləşmələrinin hücumu ilə yekunlaşmır və düşmən əsgərinin ləpirləri daha uzağa gedir.

Hücumdan üç gün öncə: “Heç kim ittifaq üzvü olan Ermənistanda nələrin baş verdiyi ilə maraqlanmır. Hətta telefonu götürüb zəng etməyi belə lazım hesab etmirlər. Bir-bizimə qarşı çıxırıq, üçüncü ölkənin (Azərbaycanı nəzərdə tutur-red) bəyanatlarına dəstək veririk”.

Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 26-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sankt-Peterburqda keçirilən iclasında çıxışı zamanı bildirdi.

Olduqca əsəbi görünən və isteriyaya qapılmış Sarkisyanın sərt ritorikaya əl atması təsadüfi deyildi. Məsələ təkcə aprel müharibəsi zamanı KTMT üzvləri olan Belarusun və Qazaxıstanın Azərbaycana dəstək verməsini yenidən gündəmə gətirmək də deyildi. Sarkisyan həm də Minsk və Astananın Bakıya dəstəyinin davam etməsinə açıq mətnlə etiraz edirdi.
Çünki; “Putin NATO-su” adlandıran bu hərbi qurumun yeni baş katibinin erməni olacağı gözlənilir. Oktyabrın 15-də təşkilatın İrəvanda keçirilən toplantısında məsələ həll olunmalı idi. İrəvanın baş katiblik postuna namizədləri də hazır idi.
Lakin; Qazaxıstan prezidenti Nursultan Nazarbayev qəfil xəstələnir və sammitə qatılmaqdan imtina edir. Beləliklə, “erməni arzusu” Sankt-Peterburqda keçiriləcək iclasa qədər təxirə salınır. Rusiya torpaqlarındakı toplantıda KTMT-yə yeni baş katibin seçilməsi yenə baş tutmur. Bu dəfə səbəbkar ölkəsində Yeni il ərəfəsi təhlükəsizliyin təmin olunması üçün keçirdiyi müşavirə və dövlət çevrilişinə cəhd təhlükəsinin olmasını əsas gətirərək iclasa qatılmayan Belarus prezidenti Aleksandr Lukaşenko olur.

Hər iki liderin Azərbaycana və Prezident İlham Əliyevə münasibəti aydındır. Rəsmi Bakı “Putin NATO-su”nun dəmir dəbilqəsini yalnız bu iki ölkə ilə yararaq, ermənilərin ayaq açıb yeriməsinə imkan vermir. KTMT-yə baş katibin erməni seçilməsi Ermənistanın Dağlıq Qarabağ məsələsində arxasını söykəyəcək qüvvə tapması deməkdir. Məhz aprel müharibəsində onun bu qüvvədən məhrum olması Bakının əlinə oynadı.

Və Rusiyanın KTMT-nin yeni baş katibinin erməni olmasında israrı Moskvanın Minsk və Astananın tutduğu mövqeni paylaşmadığını göstərir.

– Aprel müharibəsində “incidilmiş” ermənilərin könlünü almaq.

– Azərbaycan və Ermənistana münasibətdə tərəzinin gözünü daim bərabər saxlamaq.

– KTMT-nin erməni maraqlarından çıxış etməsini təmin edərək, Azərbaycanı “çıxış yolu”nun bu təşkilata üzv olmaq məcburiyyətində buraxmaq. (bu haqda bir az sonra).

Moskvanın niyyətində bu nüanslar gizlənir. Buna baxmayaraq, Rusiya Belarus və Qazaxıstanın KTMT-də Azərbaycana dəstəyini kəsə bilmir. Çünki hər iki ölkə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır, bunun beynəlxalq hüquqda əks olunduğunu əsas gətirərək, Ermənistana dəstək verməyəcəyini əyani şəkildə göstərirlər. Aprel müharibəsi ərəfəsində Lekaşenkonun ölkəsinin hərbi doktrinasında təcili dəyişiklik edərək, əsgərlərini xarici hərbi əməliyyatlarda iştirakının qarşısını alması da təsadüfi deyildi.

Ermənistan “son qalasını” da itirir: Qarabağın azad olunmasında yeni şans

Lakin bu vəziyyət KTMT daxilində parçalanmaya səbəb olur və Rusiyanın strateji maraqlarına zidd situasiyanı ortaya çıxarır. Bəs, Belarus və Qazaxıstan necə fakt qarşısında qoyulmalı idi?

Böyük tələ işə düşür: Ermənistan tərəfi sərhəd istiqamətində təxribata əl atır; Azərbaycan Ordusu düşmənə cavab verir; İrəvan hücumun Azərbaycan tərəfindən edildiyi iddiasına legitimlik qazandırmaq üçün informasiya cəbhəsində aktiv iş başlayır; Azərbaycan başqa ölkənin ərazisinə müdaxilə edən vəziyyətə düşür; Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndinə mərmi atılması nəticəsində mülki evin yanması da Azərbaycanı təxribata çəkmək məqsədi daşıyırdı; Beləliklə, sərhəd zonasından diversiya hücumu edilir, təmas xəttində mülki əhali hədəfə alınır və Azərbaycan əks hücuma keçməklə tələyə salınır; KTMT daxilində Bakının müdafiə edən Minsk və Astana təşkilatın nizamnaməsinə uyğun olaraq, Azərbaycana qarşı cəbhədə yer almağa məcbur olur; hər iki ölkənin ən azından anti-Azərbaycan bəyanatına qoşulması Bakı ilə münasibətdə çat yaranmasına səbəb ola bilər.

KTMT-nin baş katibi Nikolay Bordyujanın bəyanatı da “böyük tələ”nin İrəvan mətbəxində hazırlanmadığını və daha uzağa gedən hədəflərin olduğunu göstərdi.

“KTMT-nin katibliyində Ermənistan Respublikasının Çinari kəndi yaxınlığındakı silahlı insident barədə məlumatı xüsusi həyəcanla qarşılayıblar. Biz KTMT üzv – dövlətin ərazisində baş vermiş bu hərəkətləri xüsusilə bu ilin aprel ayında Dağlıq Qarabağ Respublikasından ağır silah və zirehli texnikanın tətbiqi ilə baş vermiş kifayət qədər ağır insidentin fonunda təxribat kimi dəyləndiririk”, – deyə Bordyujanın imzasını atdığı bəyanatda bildirilir.

1. “Biz KTMT üzv – dövlətin ərazisində…”
2. “Dağlıq Qarabağ Respublikası”.

Bəyanatda iki məqam prosesin əsas məğzini təşkil edir.

Birinci hədəf: KTMT-nin nizamnaməsinə görə, üzv ölkələrin ərazisinə hər-hansı müdaxilə təşkilatın hücum edənə qarşı birgə hərəkətini şərtləndirir. Bu, “böyük tələ”nin ana xəttidir. Ermənistan Dağlıq Qarabağ zonasında yox, məhz sərhəddə təxribat törədir. KTMT də “haqlı” olaraq buna etiraz edir və üzv ölkələri bu bəyanata qoşulmağa dəvət edir. Plan açıq şəkildə ortadadır.

Lakin “Putinin NATO-su”nun Rusiya-Azərbaycan münasibətlərinin ən yaxşı olduğu dövrdə Bakıya qarşı bu oyunu oynamasına səbəb nədir? Burada bir cümlə ilə üzərindən keçilən, lakin ikinci ana xətti təşkil edən məqsəd var.

İkinci hədəf: Azərbaycanı KTMT-yə üzv olmağa vadar etmək. Bordyujanın işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası”nı respublika adlandırması təkcə ermənilərə xoş gəlmək istəyindən irəli gəlmir. Burada Azərbaycana verilən mesaj budur: KTMT Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər. Bu mesajın hədəfi də Azərbaycanın gələcəkdə, hətta uzaq gələcəkdə yox, önümüzdəki ildə təşkilata üzvlük məsələsinə razı salmaqdır. Halbuki, Bakı Ermənistanın təmsil olunduğu Rusiya ittifaqlarına üzvlük məsələsini yalnız Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı və ərazi bütövlüyünün bərpa ediləcəyi təqdirdə düşünə biləcəyini dəfələrlə bəyan edib. Görünür, Rusiya tələsir və Bakının şərtlərini yerinə yetirmədən buna nail olmaq istəyir.

Ermənistanın sərhəd təxribatında iki məqam da diqqətdən yayınmır:

a) 2016-cı ildə KTMT-yə sədrliyi Ermənistan edirdi və növbəti ilin yanvar ayından etibarən faktiki olaraq, bu postu Belarusa verməli olacaq. Hücumun ilin sonuna iki gün qalmış edilməsi bu fonda diqqət çəkir.
Ermənistana təşkilata sədrlik etdiyi müddətdə sonuncu şans verilir. Bununla: Kremli inhisarındakı Sarkisyan hakimiyyətinə daxildə “müttəfiqlərimiz bizi Azərbaycana satdı” ittihamlarına cavab vermək imkanı yaradılır; KTMT-yə sədrlik Belarusa keçməmişdən öncə, Minsk və Astana Azərbaycana qarşı cəbhəyə qoşulmağa təhrik edilir.

Çünki 2017-ci ildə KTMT-yə rəhbərlik edəcək Belarusun Bakıya qarşı bu oyuna getməyəcəyi məlumdur.

b) Hücumun edilməsindən bir neçə gün öncə Ermənistanda ərazilərin qaytarılması məsələsi müzakirəyə çıxarıldı. Keçmiş prezident, Ermənistan siyasətinin “ağsaqqalı” hesab olunan Levon Ter-Petrosyanın “Dağlıq Qarabağ münaqişəsi həll olunmalı və ərazilər Azərbaycana qaytarılmalıdır. Nə qədər gec deyil, biz bunu etməliyik. Əks təqdirdə növbəti mərhələ Ermənistan üçün daha acınacaqlı nəticələrə səbəb olacaq” sözləri ciddi rezonansa səbəb oldu. Petrosyan Ermənistanda ciddi siyasi fiqurlardan biri hesab olunur. Onun bu çağırışı cəmiyyətin əhval-ruhiyyəsinə də təsir etməmiş deyil. Bu isə hakimiyyətdə məhz Qarabağ faktoruna görə qala bilən “Qarabağ klanı”na sərf etmir. Sarkisyan sərhəddə təxribat törədərək, “Azərbaycan əsgərlərimizi öldürür, onlarla necə sülh bağlamaq mümkündür” tezisini ilk növbədə ölkə daxilindəki qüvvələrə qarşı istifadə edir. Beləliklə, ərazilərin qaytarılması polemikasına da son qoyulur.

Proseslərin analizi bir sıra nüanslarla yanaşı, ümumilikdə təxribatın “böyük tələ” olduğunu göstərir və hədəfdə həm də Azərbaycanın dostları olan ölkələr var.

Asif Nərimanlı

Yorumlar

Henüz hiç yorum yapılmamış.