KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Qətərə 3-cü dəfə verilən vaxt başa çatdı

Qətərə 3-cü dəfə verilən vaxt başa çatdı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
366 0

Körfəz ölkələrinin kəşfiyyat və xarici işlər nazirləri Qahirəyə toplanıb Dohaya qarşı növbəti addımları müzakirə edir, saray çevrilişi gündəmə gələ bilər

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn xarici işlər nazirləri iyulun 5-də gündüz saatlarında Qahirədə bir araya gəlib. Qahirənin ət-Təhrir (Azadlıq) sarayında keçirilən toplantının əsas mövzusu Qətərə göndərilən tələblər və bundan sonra atılacaq addımlardır.
Qeyd edək ki, iki həftə əvvəl 4 ərəb ölkəsi Dohaya qarşı 13 maddədən ibarət tələblər siyahısı göndərib. Qətərin İranla əlaqələri kəsməsi, öz ərazisindəki Türkiyə bazasını ləğv eləməsi, Yəməndəki silahlı husi qruplarına dəstəyi dayandırması, “əl-Cəzirə” telekanalını bağlamasın və sair kimi tələbləri yerinə yetirməsi tələb olunurdu. Ancaq Qətər bu tələblərin yerinə yetirilməsini “mümkünsüz” adlandıraraq rədd eləmişdi. Daha sonra tələblərin yerinə yetirilməsi üçün Küveyt dövlətinin istəyi ilə əlavə 48 saat vaxt verilib. Ancaq Qətər hakimiyyəti tələblərin reallaşmasının qeyri-mümkün olduğunu bəyan edib.

Qahirə toplantısından əvvəl isə Küveyt hökumət kabineti işlərinə cavabdeh naziri Məhəmməd Abdullah əs-Sani Səudiyyə Ərəbistanı Ciddə şəhərində krallığın xarici işlər naziri Adil əl-Cubeyr ilə görüşüb. Görüşdə Qətərin tələblərə cavabı Küveyt heyəti tərəfindən Səudiyyə heyətinə təslim edilib.

Qeyd edək ki, XİN rəhbərlərinin toplantısından əvvəl Qahirədə 4 ərəb dövlətinmin kəşfiyyat xidmətlərinin rəhbərləri bir araya gəliblər. Qətər böhranının müzakirə olunduğu kəşfiyyatçıların toplantısı barədə ictimaiyyətə məlumat verilməyib. Ancaq detallar bəlli olmasa da, görünən odur ki, körfəz ölkələri böhranı daha da dərinləşdirməyə, hərbi güc tətbiqinə isti yanaşmırlar. Qətər hökuməti başqa ölkələrin Doha üzərində diktəedici mövqeyini qəbul etmədiklərini, ancaq bərabərhüquqlu danışıqlara hazır olduqlarını bəyan edib.

Bu arada Küveyt mediası yazıb ki, Qətər ərəb ölkələrinin tələblərini rədd edəcəyi təqdirdə Küveyt də körfəz ölkələrinə qoşulacaq. Misir telekanalına müsahibə verən küveytli jurnalist Əhməd Carullah ölkəsinin də embarqo tətbiq edən ölkələrə qoşulacağını və bunun Qətəri də İran kimi təcrid edib “asi ölkəyə” çevirəcək. O hökumət rəsmilərinin açıqlamalarının həqiqəti əks etdirmədiyini, embarqonun Qətərə ciddi təsir etdiyini deyib.

Qeyd edək ki, Qətər dövləti hələlik ərəb ölkələrinin irəli sürdüyü tələbləri reallaşdırmağa hazırlaşmır. Rusiya və Türkiyə ilə fəal diplomatik iş aparan Qətər eyni zamanda Vaşinqtonda dəhliz diplomatiyası aparır. Bundan başqa Qətər əmiri bu həftə Fransaya səfər edəcək və prezident Emanuel Makronla görüşəcək. Bu isə onu göstərir ki, Qətər “cəbhənin əks tərəfində” dayanan ölkələrlə ciddi iş aparır və hazırda ABŞ və körfəz ərəb dövlətləri ilə ciddi rəqabətdə olan dövlətlərin dəstəyini almağa çalışır. Qətər rəhbərliyi İranla əlaqələri dayandırmaycaqlarını bəyan edib.

Körfəz ərəb dövlətlərinin Qətərə verdikləri tələblərin 3-cü dəfə uzadılması onu göstərir ki, Dohaya qarşı ən sərt addım, yəni hərbi müdaxilə qərarı olmayacaq. Yaxud da bu barədə hələlik müvafiq anlaşma yoxdur. Körfəz ölkələri hələlik Qətərə daha çox təzyiq etmək, ancaq eyni zamanda körfəzdə böhranın daha da dərinləşməməsinə çalışırlar. Bunun üçün müvafiq kəşfiyyat və diplomatik müzakirələr aparılır. Yəqin ki, bu həftə Qətərə qarşı növbəti addımlar məlum olacaq. Ancaq ilk gündən fərqli olaraq gərgin atmosferin aradan qalxması, Vaşinqtonda Qətər mövzusunda fikir ayrılığının olması, o cümlədən Türkiyə, Rusiya kimi regionda təsiri olan ölkələrin Qətərə açıq dəstək verməsi Dohanı arxayınlaşdırıb. Yalnız bir real təhdid var. Körfəz ölkələri saray çevrilişi ilə Dohada özlərinə yaxın şəxsi iqtidara gətirə bilər. Yeri gəlmişkən, hazırkı əmir 4 il əvvəl, onun atası isə 1995-ci ildə öz atasını saray çevrilişi edərək devirib hakimiyyətə gəlib. Ərəblərin Qətəri öz nəzarətləri altına almaları yalnız bu şəkildə mümkün ola bilər. ancaq bunun üçün müvafiq imkanlarının olub olmadığı bəlli deyil.
Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir