KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gürcistan
  4. »
  5. Qonşu ölkənin dirçəlişi haqqında ayaqüstü qeydlər

Qonşu ölkənin dirçəlişi haqqında ayaqüstü qeydlər

Hasan Oktay Hasan Oktay - - 8 dk okuma süresi
396 0

Qonşu ölkənin dirçəlişi haqqında ayaqüstü qeydlər
image
NATO-nun Varşavadakı axırıncı sammiti çox detalları ilə yadda qalacaq. Məncə, bu detalların içərisində gürcü şərabının ayrıca yeri olacaq. Avropa telekanalları sammitin ilk günü verilən ziyafətdə süfrələrə məhz gürcü şərabı düzülməsinə özünəməxsus məna verdi: NATO qapılarını Ukrayna ilə birlikdə Gürcüstanın da üzünə açır, Tbilisi isə öz təhlükəsizliyinə təminatı dünyada ən güvənməli olan bir qurumda görür. Gürcü ənənəsinə görə, bu “izdivac”ı, şərabsız qeyd etmək olmur, çünki şərab adi içki deyil, xalqın min illər boyu əkib-becərdiyi, canını verib qoruduğu, ruhunu əsrlərlə hopdurduğu müqəddəs torpağın rəmzidir.

***

İngilis və rus dillərində gündəlik çıxan “Gürcüstan bu gün” adlı qəzet çox şeydən yazır. Siyasətdən sonra ən populyar mövzu isə ölkəni xarici qonaqlara tanıdan məlumatlardır. Bu dəqiqə dost ölkə qonaq əlindən içi dolu qazan kimi qaynayır. Xüsusən yayda Tbilisiyə gələn turistlərin sayı çoxalır. Şəhərin dar küçələrində, açıq muzeylərində, meydan və parklarında qarşına hər növ adam çıxır. İnsan selində sərbəst geyimli avropalılarla yanaşı, əbalı və çadralı şərqlilərin, çalmalı hindlilərin, çoxluğu dərhal diqqəti cəlb edən çinli, koreyalı və filippinlilərin də sayrışması maraqlı mənzərə yaradır. Kilsələri tez-tez gözə çarpan xristian şəhəri bütün dünyaya qucaq açıb.

Azərbaycanlılar da Gürcüstanı, sözün yaxşı mənasında, su yoluna döndəriblər, son illərdə gəzməyə, istirahətə, müalicəyə gedənlərin sayı artıb, Batum çoxlarının görüş yerinə çevrilib. Bir tərəfdən aramızda münasibətlərin yaxşı olması, digər tərəfdən isə qonşu ölkədə əlverişli biznes mühitinin yaranması bizimkiləri xırda alverdən sərmayə qoyuluşlu böyük biznesə həvəsləndirib. İndi təkcə ARDNŞ gürcülərə Bakı neftinin nə demək olduğunu anlatmır, həm də imkanlı adamlarımız bu ölkənin iqtisadiyyatına pul yatırır.

Təbii ki, sual yaranır: axı nə olub, nə baş verib ki, Gürcüstan belə gülməşəkərə dönüb? Sözlərin arxasındakı proses dərin və mürəkkəb olsa da, cavab sadədir: ölkə qayda ilə yaşamağa başlayıb, vaxtilə həyat tərzinə çevrilmiş rüşvət və korrupsiya yığışdırılıb, sovet dövründəki “mafioz” imicini dəyişən gürcülər qanunlarla idarə olunur, siyasi elita ölkənin üzünü Qərbə çevirib. Bu ölkə üçün Avropaya üz tutmaq şüar deyil, demokratik dəyərləri tədricən mənimsəmək, dəqiq hakimiyyət bölgüsü, azad seçki, insan haqları, azad mətbuat və azad bazar iqtisadiyyatı qurmaq deməkdir. Məsələn, son illərdə hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi gürcü cəmiyyətinin ciddi nailiyyətidir. Azad seçki, hətta siyasi islahatları başlamış, amma təfəkkür etibarilə avtoritar olan M.Saakaşviliyə belə hakimiyyətdə lövbəri dərinə buraxmağa imkan verməyib. Xalq tədricən hakimiyyətin mənbəyinə çevrilir. Seçkini saxtalaşdırmaq söhbəti aradan qalxıb. Parlament və məhkəmə xeyli müstəqilləşib. İşi iş bilənə tapşırmaq öz faydasını verir. Müxalifət normal fəaliyyət göstərə bilir. Siyasi həyatdakı ab-hava iqtisadiyyata, ticarət, biznes və bank sektoruna da ciddi təsir edir.

Təbii ehtiyatları böyük olmayan ölkədə effektli iqtisadi texnologiyalar və səmərəli idarəçilik kara gəlir. Büdcə pullarının xərclənməsinə ciddi nəzarət var. Nazirlik və idarələrdə ştatlar şişirdilməyib. Az məsrəfli, amma çevik işləyən strukturlar ölkəyə can verir. Məsələn, ikimərtəbəli kiçik bir binada yerləşən, əməkdaşlarının sayı heç yüzə çatmayan bir qurumun bütün ölkənin elektrik, su və kanalizasiya problemini həll etməsinə heç cür inanmaq olmur, təbii ki, bizim “möhtəşəm” Azərsu və Energetika nazirliyi ilə müqayisədə. Yaxud nazirlik statusunda olan Regional İnkişaf agentliyinin konkret bölgələri, ehtiyac duyulan sahələri inkişaf etdirmək, perspektivli sənaye və kənd təsərrüfatı obyektləri tikmək üçün əldə etdiyi təcrübə çox maraqlıdır. Sahibkar layihəsinin səmərəli olacağını ciddi əsaslandırırsa, dövlət investisiya xərcinin 70 faizini özü verir, yerdə qalan 30 faizi sahibkar bankdan kredit kimi götürürsə, o kreditin faizini də dövlət ödəyir. Hər şey şəffafdır, sistem elə qurulub ki, tenderlərə heç kim müdaxilə edə bilmir. Beləliklə, iqtisadiyyat liberallaşır, bank-maliyyə sistemi kimlərinsə cibinə yox, ölkənin tərəqqisinə işləyir.

Ölkədə vətəndaş cəmiyyəti güclənir. Etiraz azadlığı var. Xalq hökumət üçün deyil, hökumət xalq üçün çalışır, ictimai nəzarət sistemi cilalanır. Mətbuat müstəqildir, televiziyalarda, xüsusən ictimai kanalda ölkə həyatının müxtəlif problemləri ilə bağlı davamlı müzakirələr gedir. Hökumətin fəaliyyəti, təhsil və səhiyyə məsələləri bu müzakirələrin əsas mövzusudur. QHT-lər də tam gücü ilə işləyir, Avropa qurumlarından böyük qrantlar alır, cəmiyyəti inkişaf etdirmək üçün müxtəlif layihələr gerçəkləşdirirlər. Bir vaxtlar rus imperiyasının Qafqazdakı paytaxtı olan Tbilisi, indi beynəlxalq qurumların bölgə təmsilçisinə çevrilib.

Əlbəttə, Gürcüstan mənzərəsində bütün rənglərin ideal olmasını da iddia etmək doğru olmazdı. Sıravi adamların dolanışıqdan və hakimiyyətdən narazılıqları var. Paytaxta pis baxıldığını deyənlər də var. Bəzən söz azadlığına hücumlar, mətbuata təzyiqlər olur. Məsələn, Saakaşvilini dəstəkləyən Rustavi-2 kanalı davamlı sıxışdırılır. Cəmiyyətdə belə bir fikir var ki, indiki hökuməti kənardan keçmiş prezident İvanaşvili idarə edir. Bütün bu narazılıq, irad və tənqidlərin fonunda gürcü cəmiyyətinin sabaha böyük inamı duyulur. Bir də gürcü qüruruna güc verən Vətən sevgisi…

***

Qədim pritçaya görə, döyüşə gedən gürcü boynundan mütləq kiçik bir üzüm çubuğu asarmış. Mənası o imiş ki, mən ölərəmsə, vücudum torpaq altda qalar, amma ruhum həmin üzüm ağacı ilə birgə cücərərək yenidən Vətən torpağına qovuşar. Torpaq və Vətən sevgisi gürcü mozaikasında bugün də açıq sezilən bir elementdir. Gürcüstan, həm də ona görə dirçəlir ki, bu sevgi dildə deyil, ürəkdə, qanda və könüllərdədir. QULU MƏHƏRRƏMLİ Ayna.az

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir