KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Siyasətin Ayətullahı

Siyasətin Ayətullahı

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
424 0

İslam İranın ən güclü siyasi xadimlərindən olan Ayətullah Haşimi Rəfsəncani dünyasını dəyişdi

İranın tanınmış siyasət və dövlət xadimi, eks-prezident, “Xubreqan” Məclisinin sədri Ayətullah Haşimi Rəfsəncani yanvarın 8-də vəfat edib. İran mediasının məlumatına görə, ürək ağrıları ilə Tehranda xəstəxanaya yerləşdirilən Rəfsəcanini həkimlər xilas edə bilməyib. İslam Respublikasının ən nüfuzlu siyasi xadimlərindən olan Ayətullah Rəfsəncani inqilabın yaşayan ən məşhur simalarından biri, ən yüksək dövlət postlarında təmsil olunub.

Haşimi Rəfsəncani 1934-cü il avqustun 25-də Kirman vilayətinin Rəfsəncan məntəqəsində dünyaya gəlib. Ailəsi əkinçi olub, fıstıq bağlarına sahib olub. İranda uzun müddət Rəfsəncani barəsində məhz kapitalist din adamı ittihamları olub. Bunun əsas səbəbi isə ailəsinin sahib olduğu fıstıq bağları və bundan əldə etdiyi qazanc olub. Məlum olduğu kimi, neft və qazdan sonra İranın əsas ixrac məhsulları xalça və fıstıqdır.

Haşimi Rəfsəncani 1948-ci ildə təhsil almaq üçün şiə aləminin əsas təhsil mərkəzlərindən olan Qum şəhərinə gedir. 10 il sonra, 1958-ci ildə Haşimi Rəfsəncani artıq Höccətülislam idi və o zaman Şaha qarşı mübariz ruhanilərin lideri Ayətullah Xomeyninin ən yaxın tələbələrindən sayılırdı. O zaman Rəfsəncani Şaha qarşı etirazlarda iştirak etməyə başlamışdı. Ayətullah Xomeyni ölkədən sürgün olunduqdan sonra İranda islam siyasi hərəkatının aparıcı fiqurlarından birinə çevrilən Rəfsəncani inqilaba yardım toplanmasına rəhbərlik edib. Bir neçə il həbsdə yatıb, bundan başqa bəzi məlumatlara görə, Nəcəfdə Ayətullah Xomeyni İslam siyasi hakimiyyət sistemi – Vilayət Fəqih dərslərinə qatılıb.
1979-ci ildə İslam inqilabı qələbə çaldıqdan sonra Ayətullah Xomeyni İrana qayıdır və bu zaman onun əsas yardımçılarından biri Rəfsəncani olub. İslam Respublika Partiyasının qurulmasında iştirak edib. İnqilab Şurasının üzvü olub və inqilabın ilk illərində daxili işlər naziri postunu tutub. 1980-ci ildə keçirilən parlament seçkilərində iştirak edərək deputat seçilib. Bundan sonra 9 il – 1989-cu ilə qədər İran parlamentinə rəhbərlik edib və bu zaman ölkədə ən güclü siyasi fiqurlardan biri kimi tanınıb.

1988-ci ildə İran və İraq arasında sülh müqaviləsinin imzalanmasında Rəfsəncaninin rolunun olduğu deyilir. Bu səbəbdən də İranda o dövrdən başlayaraq mühafizəkar dairələrdə Rəfsəncaniyə qarşı soyuq münaisbət yaranır. 1989-cu ildə Ayətullah Xomeyninin vəfatından sonra Ayətullah Xameneyi ölkənin ali dini lideri seçilir, Ayətullah Rəfsəncani isə prezident seçkilərinə qatılaraq qalib gəlir.

Rəfsəncani 8 il, 1997-ci ilə qədər İranın prezidenti postunda qalır. Bu dönəmdə həm də İranda “islahatçılar” adlandırılan mülayim xətt tərəfdarları üstünlük əldə edirlər. Rəfsəncanini prezident postunda “islahatçı” Xatəmi əvəz edir. Yalnız 2005-ci ildə Yaxın Şərqdə müharibə və Qərb düşmənçiliyinin artması İran daxili siyasətinə də təsir edir və seçkilərdə sərt xətt tərəfdarlarlarının üstünlüyü nəticəsində Tehranın meri Mahmud Əhmədinejad prezident seçilir. Həmin vaxt Əhmədinejadın əsas dəstəkçisi sərt İslam İnqilabı yayılması xəttinin tərəfdarı Ayətullah Misbah Yəzdi idi. Yəzdi xətti prezident seçkilərində qalib gəlsə də, Rəfsəncani həmin vaxt və ondan sonrakı dövrdə İranda seçkilərdə ən çox səs qazanan siyasi xadimlərdən olub.
Hətta sonrakı dövrdə keçirilən “Xubreqan” Məclisi seçkilərində Rəfsəncani ən çox səs qazanan dövlət adamlarından biri olub. İranda hər nə qədər Ali dini liderlə Rəfsəncani arasında münaqişə olduğu bildirilsə də, Ali dini lider Rəfsəncani ilə münaqişəyə girməyib və hətta İranda ən kəskin dönəmlərdə Rəfsəncani əleyhinə hücumlara mane olub. Hətta “yaşıl hərəkat”ın əsas ideya müəllifinin Ayətullah Rəfsəncani olduğu iddia olunsa da, İranda ona qarşı hansısa sərt münasibət olmayıb. Baxmayaraq ki, oğlu və qızına qarşı korrupsiya ittihamları irəli sürülüb, oğlu həbs olunub.

Ayətullah Haşimi Rəfsəncani Azərbaycanda da məşhurdur. Azərbaycanlıların Rəfsəncani ilə bağlı yadda qalan ən məşhur hadisə Şuşanın işğalı olaylarıdır. 1992-ci ildə İran prezidenti Rəfsəncani Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovu və Ermənistan prezidenti Levon Terpetrosyanı Tehrana dəvət edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç tərəfli danışıqlar təşkil edir. Ancaq dövlət başçıları Tehranda olarkən Qarabağda hücuma keçən ermənilər Şuşanı işğal etdilər. Bu hadisə rusların Qafqazda siyasi təşəbbüsü ələ almağa çalışan Tehrana ağır zərbəsi idi. Çünki sülh danışıqları və əldə olunmuş müvəqqəti atəşkəsin təşəbbüskarı İran idi. Bununla da İranın Qarabağ ümanqişəsinin həllində iştirakı uğursuzluğa düçar olur. Daha sonra təşəbbüs Rusiya, Fransa və ABŞ üçlüyünə keçir.

Ancaq buna baxmayaraq Rəfsəncani Azərbaycan hakimiyyəti ilə yaxın əlaqələri olub. Mərhum prezident Heydər Əliyevlə dostluq münasibətləri olub, 1993-cü ildə Bakıya səfər edib. Rəsmi Bakı ilə yaxın əməkdaşlıq əlaqələrinin qurulmasına nail olub. Onun zamanında Azərbaycanda qaçqınlara humanitar yardımlar və digər sahələrdə əməkdşalıq əlaqələri güclənib.
Müasir İranın qurucu liderlərindən olan, güclü siyasətçi Haşimi Rəfsəncaninin dünyasını dəyişməsi İran dövləti üçün ciddi itkidir. Ən böyük itki isə heç şübhəsiz ki, “fikir babası” olduğu “islahat cərəyanı”na olacaq. Bu, həm də İslam İranın qurucu nəslin artıq səhnədən getməsinin növbəti addımıdır.

Kənan Rövşənoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir