KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Tramp dövrü Qarabağa nə vəd edir – bədbin proqnozlar

Tramp dövrü Qarabağa nə vəd edir – bədbin proqnozlar

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
398 0

Politoloq: “Qərbin münaqişənin həllinə təsir imkanları minimuma enib, Rusiya əsas vasitəçiyə çevrilib”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də and içəcək və rəsmi şəkildə səlahiyyətlərinin icrasına başlayacaq. Ağ Evin yeni sahibinin Qarabağ münaqişəsinin həllində hansı rolu oynayacağı təbii olaraq əraziləri 25 ildən artıqdır işğal altında olan ölkənin vətəndaşları kimi bizi daha çox maraqlandırır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu münaqişə ocağının söndürülməsində əhəmiyyətli rolu ola bilər. Ancaq ötən illərin acı təcrübəsi göstərdi ki, dünyanın supergücü Cənubi Qafqazdakı münaqişələrin aradan qaldırılmasını özünün prioriteti hesab etmir və Rusiyanın aparıcı rol oynaması ilə razılaşıb. Təbii ki, Tramp administrasiyasının Rusiya ilə münasibətlərə yeni düzən gətirib-gətirməyəcəyindən də çox şey asılıdır. Düzdür, Vaşinqton Moskva ilə ixtilaflarının olduğu dönəmlərdə də şimal qonşumuzla Qarabağ məsələsində eyni mövqedən çıxış etməyə üstünlük verib. Bu mənada perspektiv haqda proqnoz söyləmək asan deyil.

Rusiya prezidenti V.Putinin mətbuat katibi Dmitriy Peskov da bu arada deyib ki, iki ölkə prezidenti arasında görüşün keçirilməsi barədə hələlik hər hansı danışıq aparılmır.

Bu, həm də o deməkdir ki, Qarabağda hər an baş verə biləcək dəhşətli müharibəni önləmək üçün də tərəflərin ciddi istəyi yoxdur. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan əsgərinin meyitinin qaytarılmaması faktına toxunarkən loyal münasibət sərgilədi. Belə ki, diplomat “bu faciəvi insident Azərbaycanla Ermənistan arasında baş verib. Hesab edirik ki, iki ölkə özündə müdriklik, güc və diplomatik imkan tapıb, bu problemi həll etməlidir”-deməklə kifayətləndi. Üstəlik, “problemin açarı hər iki tərəfin əlindədir” – söylədi. Belə olan situasiyada okeanın o tərəfindən də ciddi təşəbbüsün olacağını gözləmək az inandırıcıdır. Üstəlik, səslənən proqnozlar da ümidli olmağa əsas vermir. Azərbaycanlı ekspertlər də bu mənada nikbin deyillər.

Elhan Şahinoğlu

Politoloq Elxan Şhinoğlu da Donald Trampın xarici siyasətində Cənubi Qafqaz bölgəsinin arxa planda olacağını düşünür: “Hətta illərdir Vaşinqton üçün aktual olan Ukrayna mövzusunun da Tramp dövründə ön planda olmayacağını zənn edirəm. Tramp Barak Obamadan fərqli olaraq Kiyevə gərəkən dəstəyi verməyəcək, hər 3 aydan bir vitse-prezidentini Ukraynaya göndərməyəcək. Bu sözləri Ağ Ev sahibinin Cənubi Qafqaz siyasətinə də şamil etmək mümkündür. Vaşinqtonun illərdir Cənubi Qafqazdakı əsas tərəfdaşı Gürcüstandır. Ancaq Tiflislə münasibətlər belə Tramp administrasiyası ciddi önəm kəsb etməyəcək. Əlbəttə, amerikalı rəsmilər və yüksək rütbəli diplomatlar həm Kiyevə, həm də Tiflisə səfərlər edəcəklər, ancaq bu səfərlərin konkret nəticələrinin olacağını zənn etmirəm. Tramp rusiyalı məsləkdaşı Vladimir Putinlə dostlaşıb Rusiya ilə birgə beynəlxalq terrorçulara qarşı mübarizə aparmaq istəyir. Bu – Putinin də arzusudur. Bunun qarşılığında Tramp administrasiyası Rusiyanın ”yaxın xaric” adlandırdığı ərazidə fəal olmaya da bilər”.
E.Şahinoğlu qeyd etdi ki, Putin-Tramp yaxınlaşmasının Azərbaycana nə müsbət, nə də mənfi təsiri var: “Onsuz da Barak Obama administrasiyası da Cənubi Qafqazda fəal deyildi, Rusiyanın bu bölgədə fəallığından narahatlıq keçirmirdi. Obama administrasiyası Qarabağ münaqişəsinin həllinə də maraq göstərmirdi. Bu 8 ildə Vaşinqton xüsusi təşəbbüslə çıxış etmədi. Tramp administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllində fərqli siyasət həyata keçirəcəyini düşünmürəm. Ümumiyyətlə, Qarabağ probleminin ATƏT-in həmsədrlər müstəvisində həlli dalana dirənib. Başqa təşəbbüslərə ehtiyac var”.

Əgər dünyanın aparıcı dövləti məsələyə diqqət göstərməyəcəksə, deməli, müharibə riski daha çox olacaq. Mümkündürmü Tramp Qarabağı Rusiyaya tapşırsın?

E.Şahinoğlu: “ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir imkanları minimuma enib, Rusiya əsas vasitəçiyə çevrilib. Bunu Vaşinqton da anlayır. Məhz Moskva İrəvan və Bakıya təsir edə bilər. Apreldəki döyüşlərə ara verilməsində də başlıca rol Kremlə məxsus idi. Ona görə də bölgəyə sülhü də Rusiya gətirə bilər. Ancaq Kremlin hələ ki belə bir istəyinin olduğunu zənn etmirəm. Təşəbbüsü özümüzün ələ almağımızdan başqa alternativ qalmayıb. İşğalçıya təzyiqi elə artırmalıyıq ki, Rusiya Ermənistana təsir edib İrəvana ”mərhələli həll” planını qəbul etdirsin”.

Yeri gəlmişkən, bugünlərdə amerikalı politoloq Maykl Bom virtualaz.org-a açıqlamasında “Trampın prezidentliyi dövründə ABŞ-ın Qarabağ münaqişəsinin həllində iştirakı minimuma endiriləcək” demişdi. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan qarşıdurması da daxil olmaqla, postsovet məkanında münaqişələrin siyasi yollarla tənzimlənməsi ABŞ-ın seçilmiş prezidentinin xarici siyasət maraqlarının əsas blokuna daxil deyil.
Hər halda, nikbinlik üçün hələlik hər hansı əsasımız yoxdur.

Elşad PAŞASOY

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir