KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ukrayna hakimiyyəti Trampın Kiyevə dəstəyi azaldacağından narahatdır

Ukrayna hakimiyyəti Trampın Kiyevə dəstəyi azaldacağından narahatdır

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
406 0

Elxan Şahinoğlu: “Bütün hallarda bu səfərlər və dialoq Barak Obamanın dövründəki dəstəyə bənzəməyəcək”

ABŞ-da Donald Trampın prezident seçilməsindən narahat olanlardan biri də hazırkı Ukrayna hakimiyyətidir. Rusiya ilə müharibə şəraitində olan Ukrayna iqtidarı əsas dəstəyi ABŞ-dan, daha dəqiqi Obama administrasiyasından alıb. Məlum olduğu kimi, Donald Tramp Rusiya ilə münaqişəli vəziyyətə son qoymaq fikrindədir. Bir sıra ekspertlərə görə, Vaşinqtonun Rusiyaya qarşı yumşalması Ukrayna, Suirya və digər münaqişəli məsələlərdə Rusiyanın mövqeyini möhkəmləndirəcək.

Xüsusən də Ukrayna hazırda həm Krımın geri alınması. həm də Donetsk və Luqansk bölgələrindəki münaqişələrin həlli ilə bağlı Qərbin ciddi dəstəyinə ehtiyac duyur. Artıq Avropa son illərdə Ukraynaya istədiyi dəstəyi vermir, yalnız Vaşinqton qalıb və əgər Tramp yumşaq xətt götürərsə Ukraynanın indiki hakimiyyəti üçün vəziyyət daha pis olacaq.

Məhz bu səbəbdən Ukraynanın hazırkı hakimiyyəti Vaşinqtondakı yeni administrasiyanın mövqeyini narahatlıqla izləyir. Prezident Pyotr Poroşenko mətbuata bildirib ki, Donald Trampın andiçmə mərasimindən sonra ABŞ-a səfər edərək onunla görüşəcək. APA-nın xəbərinə görə, P. Poroşenko “Bloomberg“ə müsahibəsində deyib ki, o, bu barədə Trampla seçkidən dərhal sonra telefonla danışaraq razılığa gəlib. P. Poroşenkonun sözlərinə görə, Rusiyaya tətbiq olunmuş sanksiyalar yalnız o vaxt götürülə bilər ki, bu ölkə öz qoşunlarını Ukraynadan çıxarsın və Ukrayna ərazilərinin işğalına son qoysun.

Siyasi analitik Elxan Şahinoğlu Vaşinqtonun yeni administrasiyasının Ukrayna məsələsinə çox da ciddi maraq göstərəcəyinə inanmır: “Donald Trampın Barak Obama qədər Ukraynaya və bu ölkənin problemlərinə maraq göstərəcəyini zənn etmirəm. Birincisi, Ukrayna hakimiyyəti ABŞ-da prezident seçkisində açıq-aşkar Hillari Klintona dəstək verirdi, hətta bu məqsədlə Kiyevdən Klitonun fonduna maliyyə ötürüldüyünə dair məlumatlar var. İkincisi, Tramp rusiyalı məsləkdaşı Vladimir Putinlə yaxınlaşmaq istəyir. Bir əldə iki qarpız tutmaq isə çətindir. Putinlə yaxınlaşmaq o deməkdir ki, Ukraynaya əvvəlki qədər dəstək verilməsi çətinləşəcək. Barak Obama vitse-prezident Cozef Baydeni Ukraynaya məsul şəxs təyin etmişdi. Bayden az qala hər 3 aydan bir Kiyevə gedir, Ukrayna prezidenti və baş naziri ilə müzakirələr aparırdı. Trampın eyni siyasətə sadiq qalacağını, öz vitse-prezidentini Ukraynaya məsul şəxs təyin edəcəyini düşünmürəm”.

Amma ekspert tam olaraq Ukraynanın Rusiyaya hədiyyə ediləcəyini düşünmür. E.Şahinoğluna görə, Vaşinqtonda Ukraynaya ciddi dəstək var və bu səbəbdən də Trampın birmənalı olaraq Ukraynadan imtina etməsi mümkün deyil: “Buna baxmayaraq, Tramp tamamən Ukrayna istiqamətini görməzlikdən də gələn deyil. Çünki, Amerika siyasi palitrası Rusiya-Ukrayna qovğasında ikinci dəstəkləyir və Tramp bu amili arxa plana ata bilməz. Başqa sözlə Tramp administrasiyasının üzvləri Kiyevə səfərlər edəcəklər. Ancaq bütün hallarda bu səfərlər və dialoq Barak Obamanın dövründəki dəstəyə bənzəməyəcək. Rəsmi Kiyevin də narahatlığı məhz bununla əlaqədardır. Kiyevdə haqlı olaraq düşünürlər ki, əgər Vaşinqton Rusiyaya qarşı sanksiyaları yumşaltsa Brüssel də eyni addımı atacaq. Çünki, Avropa İttifaqının bəzi dövlətləri Krımın işğalı və Donbasda baş qaldıran separatizmə rəğmən, Moskva ilə əvvəlki əlaqələrin bərpasına çalışırlar”.

Kənan Rovşenoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir