KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Yaxın Şərqdə yeni müharibə təhlükəsi Türkiyə və Suriyanı barışdıra bilər

Yaxın Şərqdə yeni müharibə təhlükəsi Türkiyə və Suriyanı barışdıra bilər

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
350 0

Etnik münaqişələr, kürd separatizmi təhlükəsi Ankaranı Əsədlə barışığa sövq edir

Türkiyə Suriya ilə danışıqları bərpa edə bilər. Bu barədə strateq.az saytında yayımlanmış rusiyalı analitik Stanislav Tarasovun müəllifi olduğu məqalədə qeyd olunur. Müəllifin fikrincə, Amerikanın ərəb ölkələrini ətrafına toplaması və Suriyanın şimalında kürdləri dəstəkləməsi Ankaranı Suriya siyasətinə yenidən baxmağa vadar edir.

Sitat: “Türkiyə qorxur ki, Ağ Evin bu cür siyasəti son hesabda onun sərhədləri yanında yeni dövlətin – Qərbi Kürdüstanın yaranmasına səbəb olacaq ki, bu da Türkiyənin cənub-şərq vilayətlərindəki duruma ciddi təsir edəcək. Nəticədə Vaşinqtonun fəaliyyəti bu qayda ilə bəyan olunmuş vahid sünni cəbhəsini faktiki olaraq parçalayır. Ankara qorxu içində Dəməşqlə əməkdaşlığa doğru irəliləyir, mərkəzləşdirilmiş Suriya dövlətinin saxlanması uğrunda çıxış edir”.

Qeyd edək ki, hazırda İran və Rusiyanın Ankaranı məhz bu məqsədlə öz tərəfinə çəkmək istədiyi haqda iddialar var. Bu iddianı ciddiləşdirən daha bır məqam məhz Türkiyənin özünün iki ay əvvəl Tehranın Suriya danışıqları prosesinə daxil edilməsində israrçı olması haqda məlumatlar idi. Məsələ ondadır ki, ABŞ-ın Suriyanın şimalındakı kürdləri açıq şəkildə dəstəkləməyə başlaması ilə Ankara və Vaşinqton arasında “soyuq küləklərin” əsməsi eyni dönəmə təsadüf edir. Pentaqon kürdlərə böyük dəstək verir, silahlandırır. Vaşinqton kürdlərin Raqqanın İŞİD-dən alınması əməliyyatının əsas zərbə qüvvəsi olacağını artıq rəsmən bəyan edib.

Ancaq Amerikanın kürdlərə bu qədər “isti” yanaşması Ankaranın maraqlarına ziddir. Çünki bunun sonunda Suriyanın şimalında kürdlər üçün yeni muxtariyyətin yaradılması dayanır. Bunu heç kim gizlətmir, hətta ruslar belə bu planla müəyyən mənada razılaşıblar. Çünki regionda yeni kürd muxtariyyəti rusların da maraqlarına uyğundur. Çünki bölgədə yeni münaqişə ocağı və Suriya, Türkiyə kimi dövlətlərə təzyiq mexanizmi ortaya çıxacaq. Bu səbəbdən də ruslar zahirən də o qədər narazı deyillər. Baxmayaraq ki, kürdlərə əsas dəstək verən amerikalılardır.

Kürdlərin bu şəkildə güclənməsindən ən çox narahat olan region ölkələri, daha dəqiqi, ərazisində böyük kürd etnik qrupları yaşayan Türkiyə, İran, Suriya və İraqdır. İraqda məsələ demək olar ki, artıq məlumdur, faktiki olaraq kürd dövləti mövcuddur. Ancaq ikinci bir muxtariyyətin ortaya çıxması Türkiyə, İran kimi ölkələri də narahat edir. Bu səbəbdən də 2016-cı ilin yazından etibarən Türkiyə Suriyanın ərazi bütövlüyü məsələsinə xüsusi vurğu etməyə başlayıb. Eyni zamanda Ankara tədricən İranla sərt ritorikanı yumşaltmağa başladı. Bu ilin əvvəlində isə “Əl-Cəzirə” kanalı türk diplomata istinadən Ankaranın Tehranın Suriya danışıqlarında iştirakında israrçı olduğu xəbərini verdi. Halbuki bir müddət öncəyə qədər Ankara İranı Suriya danışıqlarında görmək istəmədiyini iddia edirdi. İndi isə şərtlər dəyişib və Suriyanın unitar quruluşunun qorunub saxlanılması artıq İran və Dəməşq qədər Türkiyə üçün də vacib amilə çevrilib.

Ankara indi münaqişənin bir an əvvəl həll olunması, atəşkəsin imzalanması və ən əsası Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün israr edir. Çünki əks halda, Suriya münaqişəsindən daha pis bir gedişat yarana bilər. Kürd muxtariyyəti bölgədə narahatlıq və toqquşmalara səbəb olacaq, Türkiyədə və İranda kürd separatizmini alovlandıracaq. Yeri gəlmişkən, uzun illərdən sonra ilk dəfə keçən həftə İranda PEJAK (kürd terror qruplaşması) hərbçilərə hücum edib və iki əsgəri öldürüb.

Əlbəttə. Təsadüf sayıla bilməz. Kürd kartının fəallaşdırılacağı və bölgədə yeni münaqişə ocaqlarının yaradılması haqda xəbərdarlıqlar illər əvvəldən vardı. İndi isə artıq real fəaliyyətə keçirilib. Suriyadan sonra növbəti ünvan Türkiyə və İrandır. Dini ekstremizmdən sonra Yaxın Şərqdə etnik münaqişələrin yenidən qızışdırılmasının ilk əlamətidir. Bu, eyni zamanda Səudiyyə-İran qarşıdurmasının bir epizodu ola bilər. Ancaq istənilən halda yaranmış təhlükəli vəziyyət indi Ankaranı narahat edir. Türkiyə sərhədlərində yorucu müharibənin daha da uzanması, terror və xaosun, yeni münaqişə ocaqlarının yaranmaması üçün Bəşər Əsədin hakimiyyətdə qalması faktoru ilə barışmağa çalışacaq. Çünki müharibə uzandıqca onun ağır zərbələri, hərtərəfli – terror, qaçqınlar, etnik münaqişə və sair – olaraq Türkiyəyə ağır zərbə vurur. Bundan xilas olmanın yeganə yolu isə barışıqdır.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir